Azərbaycan və Ermənistanla bağlı İranın 384 analitiki arasında sorğu keçirilib –Ekspertlər nədən narazıdır, nə təklif edirlər? (NƏTİCƏLƏR)

44 günlük Vətən Müharibəsindən sonra Qafqazda baş verən proseslərə İranın yanaşması ilə bağlı Tehran Araşdırmalar və Beynəlxalq Tədqiqatlar İnstitutu 384 tədqiqatçı və analitik arasında sorğu keçirilib.

Azpost.info bildirir ki, bu barədə İran üzrə araşdırmaçı-ekspert Əziz Rzabəyli açıqlama verib. Onun sözlərinə görə, sorğuda xarici siyasət sahəsi üzrə ixtisaslaşmış  (Tehran (Əllamə Təbatəbai), Təbriz, Gilan, Şiraz, Kirmanşah universitetləri)  ekspertlər iştirak edib.

Nəticələr belədir:

🔹Respondentlərin 52%-i Qafqaz regionunda gərginliyin yeni raundunu regional aktorların fəallığı ilə əlaqələndirib. 31%-i bunu Rusiya-Ukrayna müharibəsinə görə Kremlin Qafqazda tarazlaşdırıcı rolunun azalması ilə izah edib. Respondentlərin qalan hissəsi tərəflərdən birinin və ya hər ikisinin (Azərbaycan və Ermənistan) razılaşmalara əməl etməməsi, eləcə də böyük dövlətlərin müdaxiləsini gərginliyin artmasının səbəbi sayır.

🔹Sorğu iştirakçılarının 41%-i bölgədə proseslərin axarını Türkiyənin maraqlarına uyğun getməsi rəyindədir. 34% bu hadisələrin Azərbaycanın maraqlarına uyğun olduğunu düşünür, qalanları bunu digər aktorların mənafeyinə uyğun bilir.

🔹Respondentlərin 57%-i hesab edir ki, Azərbaycan hökumətinin siyasətinə Türkiyə daha çox təsirə malikdir, 24%-i isə bu məsələdə İsraili ən nüfuzlu dövlət sayır.

🔹İslam Respublikasının xarici siyasətində Qafqaz regionunun prioritet mövqeyi barədə suala cavab olaraq respondentlərin 43%-i geosiyasi və geostrateji maraqları üstün tutur, 26%-i mədəni-sivilizasiya əlaqələrini ilk sıraya çıxarır. Həmçinin, iqtisadiyyat və ticarətə 18%, təhlükəsizliyə 13%-lik yer ayrılır.

🔹Respondentlərin 53%-i Cənubi Qafqazda sərhədlərinin dəyişdirilməsinə qarşı çıxmaqla bunu Tehranın xarici siyasətinin mühüm tərkib hissəsi hesab edir. 18%-i təhlükəsizliyə istinadla regiondankənar qüvvələrin təhdid yönümlü mövcudluğuna görə dəyişikliyə qarşıdır. 15%-i bunun İranın geoiqtisadiyyatına zərər vura biləcəyi və 14%-i etnosentrizm əleyhinə və separatçı hərəkatlara təkan verə biləcəyinə istinad edir.

🔹Sorğu iştirakçılarının 57%-i Qafqaz regionunda siyasi diplomatiyanın prioritet olduğunu vurğulayıb. 21% iqtisadi diplomatiya və 17% mədəni diplomatiyaya üstünlük verib.

🔹Digər tərəfdən, İran İslam Respublikasının bölgədəki son hadisələrlə bağlı hərəkətlərini respondentlərin 43%-i passiv neytrallıq kimi səciyyələndirib; 31%-i çoxtərəfli diplomatiya; qalan hissəsi isə İslam Respublikasının hərəkətlərini gizli diplomatiya və aktiv neytrallıq siyasətitək qiymətləndirib.

🔹39%-in fikrincə diplomatik sistemin indiyə qədər həyata keçirilən tədbirləri Qafqaz regionunda digər aktorları passivləşdirib. 36% isə Qafqaz regionunda gedən proseslərdə ölkə diplomatiyasının səmərəsizliyini vurğulayıb. Eyni zamanda, 19% gərginliyi idarə etmək üçün İranın səyinə inanır.

🔹Respondentlərin 46%-i mövcud vəziyyəti İranın xarici siyasətinə təsir edən qurumların səmərəsizliyi ilə əlaqələndirib. 33% regional rəqiblərin üstünlüyünü mövcud vəziyyəti gərginləşdirmə faktoru ilə əlaqələndirib. Hazırkı aktivlik formasının səbəbi kimi sanksiyalara 11% istinad edib və etnik gərginliklə bağlı narahatlığı 10% dilə gətirib.

🔹Sorğunun mühüm məqamı: respondentlərin 43%-i regiondakı geosiyasi dəyişikliklərlə qarşı İranın təhlükəsizlik tədbirləri və hərbi qüvvələrinin çəkindirici olması rəyindədir.

🔹Respondentlərin 28%-i İslam Respublikası, Rusiya və Ermənistanın üçtərəfli əməkdaşlığı tərəfdarıdır. Onlar İranın geosiyasi dəyişikliklərlə məşğul olmasını prioritet hesab edir. Digərləri Ermənistanla hərbi əməkdaşlığa, Azərbaycanla isə siyasi diplomatiyaya üstünlük verirlər.

Azpost.info

Əvvəlki məqalə

Müsbət davranış qaydalarına görə şagirdlərə yaşıl kart veriləcək

Sonrakı məqalə

İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna qayıdır