BMT-nin CEDAW komitəsinin tövsiyələrinə uyğun olaraq ölkədə qadın və uşaqların hüquqlarının qorunması sahəsində müəyyən dəyişikliklər edilməlidir. Təəssüf ki, ölkədə gender əsaslı cins seçimi problemi hələ də qalmaqdadır.
Bu fikirləri BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev parlamentdə oktyabrın 27-də keçirilən “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda birgə dinləmədə səsləndirib.
BMT rəsmisi vurğulayıb ki, bütün selektiv abortlar kriminal abortlardır. Rəsmi statistika abortların sayının çox yüksək olduğu, ana ölümünün sayının isə az olduğunu göstərir. Yəni, yüz mindən çox doğuş zamanı 15 ana ölümü qeydə alınıb. Bu da Azərbaycanda ana ölümünün əmsalının az olmasının sübutudur.
Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini vurğulayan F.Babayev gender əsaslı zorakılıqla bağlı Dövlət Statistika Komitəsi ilə birgə 2024-cü ildə sorğu aparılacağını da diqqətə çatdırıb.
Reproduktiv sağlamlıqla bağlı fikirlərini bölüşən Fərid Babayev uşaqlıq boynunda xərçəng xəstəliyi ilə mübarizədə dövlətin dəstəyinin vacibliyini qeyd edib.