Azərbaycanın pambıq ixracından gəliri nə üçün 55 faiz azalıb?

2017-ci ildə Azərbaycanda pambıqçılığın gəlişdirilməsinə dair dövlət proqramı da qəbul edilib. Bununla bağlı bildirilirdi ki, proqramın icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min tona yüksələcək. Amma rəsmi rəqəmlər göstərir ki, hökumət bu hədəfini gerçəkləşdirə bilməyib.

Kənd Təsərrüfatı Nazirliyinin bilgilərinə görə, ötən il sahələrdən 322 min 300 ton pambıq yığılıb. Bu o deməkdir ki, dövlət proqramının icra edildiyi müddətin sonunda pambıq istehsalı hökumətin nail olmaq istədiyi göstəricidən (500 min tondan) 36 faiz az olub.

Azpost.info bildirir ki, Azadlıq radiosunun bunun bağlı araşdırmasında bəzi məqamlar göstərilib. Açıqlanan bilgilərdən o da bəlli olur ki, ölkədəki pambıq istehsalının 90 faizə yaxını 10 rayonun payına düşür. Ötən il ilk yeri Ağcabədi rayonu tutub. Ölkədə pambıq istehsalının 12.5 faizi təkcə bu rayonun payına düşüb. Saatlı rayonunun payı 12.4 faizdir. Üçüncü yerdə Bərdə rayonudur – 11.1 faiz.

Pambıq ixracında diqqətçəkən əsas məqam Türkiyənin hegemon mövqeyə sahiblənməsidir. Azərbaycanın ixrac etdiyi pambıq lifinin 92 faizi, pambıq ipliyinsə 7 faizi Türkiyəyə göndərilib.

Pambığın iqtisadiyyata qazandırdığı gəlirlər baxımından 2023-cü ili heç də uğurlu saymaq olmaz. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, bu ilin ilk dörd ayında Azərbaycan pambıq ixracından toplam 54.7 milyon dollar gəlir götürüb. Ötən ilin eyni dövründə bu göstərici 122.3 milyon dollar idi. Belə çıxır ki, son bir ildə Azərbaycanın pambıq ixracından götürdüyü gəlir 67.6 milyon dollar və ya 55 faiz azalıb və pambığın ölkənin toplam ixracında payı 1.03 faizdən 0.43 faizə enib.

Pambıq ixracından əldə edilən gəlirin azalma səbəblərindən biri də bu məhsulun ucuzlaşmasıdır. Bu ilin ilk dörd ayı ərzində bir ton pambıq lifinin orta ixrac dəyəri 1 min 828 dollar olub. Ötən ilin eyni dövründə həmin göstərici 2 min 282 dollar idi. Deməli, ötən illə müqayisədə bu il pambıq lifinin hər bir tonunun ixracından 454 dollar (20 faiz) daha az gəlir əldə edilib.

İxrac edilən pambığın çəkisi də azalıb. Ötən ilin ilk dörd ayında Azərbaycan 45 min 343 ton pambıq lifi ixrac etmişdi. Bu ilin eyni dövründə həmin göstərici 20 min 973 tona düşüb, başqa sözlə, iki dəfədən çox azalıb.

İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) bu məsələyə dair açıqlamasında bildirilir ki, bəlli ixrac bazarlarında pambıq ipliyinə tələb azaldığından və idxalda pambıq mahlıcına üstünlük verildiyindən toplam ixrac göstəriciləri aşağı düşüb. Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətini dayandırması da idxalın azalma səbəblərindən biridir. Üstəlik, nəqliyyat çatışmazlığı da tədarük prosesini yubadıb. Bütün bunları nəzərə alan AZPROMO, uyğun dövlət qurumlarının da iştirakı ilə, pambıq ixracatçıları ilə görüş keçirib.

Azpost.info

Əvvəlki məqalə

“Xarici ezamiyyətlər üçün Tarix institutuna 50 min manat ayrılıb” –

Sonrakı məqalə

Putin Kremldə kadr dəyişikliyi etdi