Bu gün Daşkənddə Prezident İlham Əliyev və Şavqat Mirzyayevin imzaladığı “Əbədi dostluq haqqında Müqavilə”ni Azərbaycan–Özbəkistan münasibətlərinin sadəcə siyasi deklarasiyası kimi yox, artıq formalaşmış müttəfiqliyin uzunmüddətli hüquqi çərçivəyə salınması kimi qiymətləndirmək olar.
Son illərdə Bakı–Daşkənd yaxınlaşmasında İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi həlledici rol oynayıb. müqavilənin əhəmiyyəti ondadır ki, bu yaxınlıq artıq konkret dövlətlərarası öhdəliklərlə möhkəmləndirilir. 2024-cü ildə iki ölkə artıq Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalamışdı. 2026-cı ildə “Əbədi dostluq” sənədinin imzalanması həmin xəttin daha uzunmüddətli siyasi çərçivəyə keçirildiyini göstərir.
Müqavilədə tərəflərin bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran fəaliyyətə yol verməməsi ilə bağlı öhdəliklər var. Bu, xüsusilə Azərbaycan üçün ərazi bütövlüyü məsələsinin həssas olduğu nəzərə alınanda mühüm siyasi mesajdır. Burada daha geniş perspektiv də var: Bakı və Daşkənd bir-birini yalnız iqtisadi tərəfdaş kimi deyil, regional təhlükəsizlik baxımından etibarlı dövlət kimi qəbul etdiklərini nümayiş etdirirlər.
Orta dəhliz müqavilənin ən böyük iqtisadi nəticələrindən birinə çevrilə bilər
Ən maraqlı perspektivlərdən biri nəqliyyatdır. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur. Azərbaycan isə Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas halqalardan biridir. Şavkat Mirziyoyev məhz bu səfər zamanı Xəzərdə vahid operatora malik ayrıca Azərbaycan–Özbəkistan dəhlizinin yaradılmasında maraqlı olduqlarını bildirib. Eyni zamanda Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsini təklif edib.
Bu reallaşarsa, münasibətlərdə ciddi dəyişiklik yaranacaq: Azərbaycan Özbəkistan üçün Avropaya çıxış platformasını, Özbəkistan isə Azərbaycan üçün Mərkəzi Asiyadan gələn əlavə yük və ticarət axınını təmin edə bilər.
Müqavilədə ticarət, investisiya, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, elektron ticarət, İKT və kosmik texnologiyalar daxil olmaqla çox geniş əməkdaşlıq sahələri müəyyənləşdirilib. Bu artıq münasibətlərin klassik diplomatik modeldən birgə iqtisadi layihələr modelinə keçməsi deməkdir.
23 avqustda Daşkənddə Azərbaycan şirkətlərinin iştirakı ilə bank, gips istehsalı, STEAM məktəbləri, SOCAR yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City”, mədənçilik və meyvəçilik layihələrinin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi də bu istiqamətin praktik göstəricisidir.
Bu münasibətlər Mərkəzi Asiya–Cənubi Qafqaz xəttini gücləndirə bilər
Ən böyük geosiyasi perspektiv məhz budur. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm dövlətidir. Onların yaxınlaşması iki region arasında vahid iqtisadi, nəqliyyat və siyasi əlaqələr sisteminin formalaşmasını sürətləndirə bilər.
Burada Türk Dövlətləri Təşkilatının faktorunu da nəzərə almaq lazımdır. Azərbaycan və Özbəkistan Türk dünyasının iki mühüm iqtisadi mərkəzidir. Bakı–Daşkənd əməkdaşlığının güclənməsi digər türk dövlətləri arasında nəqliyyat, ticarət, investisiya və enerji əlaqələrinin inkişafına da təsir göstərə bilər.
Yəni bu müqavilənin perspektivini yalnız “Azərbaycan–Özbəkistan münasibətləri” çərçivəsində görmək bir qədər dar yanaşma olar. Söhbət daha böyük bir regional əlaqələr şəbəkəsinin formalaşmasından gedir.
Müqavilədə elm, təhsil, tibb, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq, həmçinin Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi nəzərdə tutulur. Bu çox vacibdir. Çünki siyasi münasibətlərin uzunömürlü olması üçün təkcə hökumətlərarası əlaqələr kifayət etmir. İnsanlar arasında əlaqələr də genişlənməlidir.
Universitet mübadilələri, birgə elmi layihələr, turizm, şəhərlərarası əməkdaşlıq və mədəni proqramlar artdıqca Bakı–Daşkənd münasibətlərinin ictimai bazası da möhkəmlənəcək.
“Əbədi dostluq haqqında Müqavilə”nin ən mühüm perspektivi budur: Azərbaycan və Özbəkistan münasibətləri artıq “iki ölkə arasında yaxşı əlaqələr” mərhələsindən çıxaraq uzunmüddətli siyasi, iqtisadi və geostrateji tərəfdaşlıq modelinə çevrilir.
Əgər müqavilədə nəzərdə tutulan layihələr reallaşarsa, qarşıdakı illərdə Bakı–Xəzər–Mərkəzi Asiya xətti daha güclü iqtisadi arteriyaya çevrilə bilər. Bunun mərkəzində isə Orta dəhliz, Xəzər nəqliyyatı, qarşılıqlı investisiyalar, enerji, rəqəmsal texnologiyalar və Türk dünyasının iqtisadi inteqrasiyası dayanacaq. Başqa sözlə, “əbədi dostluq” burada son məqsəd yox, daha böyük geoiqtisadi layihələrin siyasi bazasıdır.
X.SƏFƏROĞLU