Azərbaycanda zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır

zəlzələ
zəlzələ

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

AzPost bildirir ki, hesabatı RSXM-in baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. O bildirib ki, 2024-cü ildə rəhbərlik etdiyi qurumda 3 problemi əhatə edən 5 mövzu, 10 elmi-tədqiqat işi, 5 elmi-tədqiqat işi yerinə yetirilib, 3 mövzu, 8 elmi-tədqiqat işi başa çatdırılıb.

Hesabat ilində AMEA nəzdində RSXM-də 1 dərslik, 37 məqalə (10-nu xaricdə), 13 tezis (9-ü xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 6-sı “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.

Qeyd edilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi) beynəlxalq təşkilatların həqiqi üzvüdür. 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.

Vurğulanıb ki, hesabat ilində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lavrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

Həmçinin diqqətə çatdırılıb ki, Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.