“Bahalı rubl sərfəli deyil…Rusiyaya ixracdan valyuta gəlmir…” –Maliyyə naziri "möhkəm rubl"dan narazıdır, Rusiya dost ölkələrdən pul alacaq

“Rublun möhkəmlənməsi bazara 130 milyard dollar məbləğində artıq valyuta təklifi ilə yaranan təzyiqlə bağlıdır”.

Bunu RBC-ya müsahibəsində Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

Onun sözlərinə görə,130 milyard dollarlıq artıq valyuta idxalın azalması və büdcə qaydasının dayandırılmasındaın nəticəsidir.

“Rublun möhkəmlənməsi bazarda artıq valyuta təklifinin təsiri altındadır ki, bu da Maliyyə Nazirliyi tərəfindən 130 milyard dollar dəyərində qiymətləndirilib. Bu məbləğ idxalın azalması, eləcə də əvvəllər neft ixracından artıq gəlirləri sterilizasiya edən büdcə qaydasının dayandırılmasının nəticəsində yaranıb”,– Anton Siluanov RBC-yə müsahibəsində bildirib.

“İdxal təxminən 50 milyard dollar azalıb, bu o deməkdir ki, valyutanın bir hissəsi sadəcə olaraq getmir. Həmçinin bu il büdcə qaydamız olsaydı, təxminən 80 milyard dollarlıq valyuta gəlirlərinin bir hissəsini sterilizasiya edərdik. Bu indi baş vermir. Bazarda təzyiqin həcmi 130 milyard dollar təşkil edir”, – Siluanov vurğulayıb.

Sterilizasiya – valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də istifadə edilir.

Qərbin sərt sanksiyalarının tətbiqindən sonra martın əvvəlində rubl kəskin şəkildə zəifləyib və dollar 120 rubldan yuxarı ticarət edilib. Lakin sonradan Mərkəzi Bankın valyuta əməliyyatlarına qoyduğu məhdudiyyətlər, eləcə də Qərbin Rusiyaya mal tədarükünə qadağalar qoyması və logistika ilə bağlı problemlər səbəbindən rubl möhkəmlənməyə başlayıb. İndi dollar təxminən 51 rubla satılır. Moskva birjasının məlumatına görə, bu 2015-ci ilin aprelindən bu yana ən aşağı qiymətdir.

Maliyyə nazirinin sözlərinə görə, rublun möhkəmlənməsi nəticəsində ixracatçılar valyuta daxilolmalarından məhrum olur, dövlət büdcəsi gəlirlərinin bir hissəsini itirir. Güclü məzənnədən faydalanan idxalçılardır, lakin logistik çətinliklər üzündən  və Qərbin sanksiyaları altında onlar da öz potensialını tam reallaşdıra bilmirlər. Siluanov əmindir ki, bununla belə, onlar hələ də biznesi inkişaf etdirməyin yollarını tapacaqlar.

“İndi güclü məzənnə şəraitində idxalçılar yüksək motivasiyaya malikdirlər. Buna görə də, biznes yenə də öz yolunu tapacaq”, – deyə nazir bildirib.

Rusiyanın Maliyyə naziri Anton Siluanov rublu zəiflətmək üçün valyuta müdaxilələrini istisna etməyib.

Siluanov deyir ki, Rusiya valyutasının bahalaşdığı hər 10 rubl, büdcəyə bir trilyon rubldan çox məbləğə başa gəlir. Maliyyə Nazirliyi məzənnəni zəiflətmək üçün bazara intervensiyalara (müdaxilə etməyə) başlamağa hazırdır, baxmayaraq ki, Mərkəzi Bank buna qarşıdır.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, hökumət rublun məzənnəsini sabitləşdirmək üçün artıq neft və qaz gəlirlərinin valyuta müdaxilələri üçün istifadəsini istisna etmir. O, indiki məzənnənin büdcə üçün sərfəli olmadığını xatırladıb.

Siluanovun verdiyi məlumata görə, Rusiya valyutasının 1 rub möhkəmlənməsi Rusiya büdcəsinə müxtəlif hesablamalara görə 130 milyarddan 200 milyard rubla qədər başa gəlir: “Yəni məzənnənin 10 rublu bir trilyon rubldan çoxdur”, – deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.

Siluanov xatırladıb ki, yazda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması məzənnəyə ciddi təsir göstərməyib və bu, hakimiyyəti bazar şərtlərinə uyğun olaraq məzənnənin formalaşmasında iştirak etməyə məcbur edir.

“Bütün məhdudiyyətlər aradan qaldırılıb – məzənnəyə heç bir təsir yoxdur. Biz idxalı stimullaşdırırıq, amma idxal artmır. Bazarda ya Mərkəzi Bankın, ya da Maliyyə Nazirliyinin iştirakı qalır. Mərkəzi Bank belə deyir: “mənim üçün məzənnənin sərbəst dəyişməsi prinsipi sarsılmazdır. Məzənnəni bazar müəyyən edir, qarışmayacağam”. İndi sual olunur: bazarda başqa kimlər iştirak edə bilər? Maliyyə Nazirliyi əvvəllər neft və qazdan əldə olunan artıq valyutanı alırdı və Milli Rifah Fonduna xarici valyutada qoyurdu“.

Siluanov hesab edir ki, birbaşa valyuta müdaxiləsi sanksiyalara görə təhlükəlidir və “dost ölkələrin valyutası” nəzarət mexanizmi kimi istifadə edilə bilər. “Biz dost ölkələrin valyutaları vasitəsilə məzənnəyə təsir göstərməyə hazırıq. Dost ölkələrin valyutaları vasitəsilə, dollar və avro ilə çarpaz məzənnələr vasitəsilə dolların və avronun rubla nisbətdə dəyərini tənzimləmək mümkün olacaq”.

Rusiya hökuməti rublun bahalaşması ilə əlaqədar yeni plan hazırlayır. Yeni plana görə, Rusiya böyük iqtisadi problemə çevrilən rublun bahalaşmasının qarşısını almaq üçün əldə etdiyi əlavə neft və qaz gəlirlərini “dost” ölkələrin valyutalarından alış etmək üçün istifadə etməyi düşünür.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə ölkə birbaşa dollar və avro ala bilmir.

Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib ki, hökumət müharibədən əvvəlki fiskal qaydasına bənzər versiyanı tətbiq etməklə valyuta gəlirlərini artırmağı və bununla da rublun dəyərini aşağı salmağı hədəfləyir. Yeni yanaşma ilə sanksiyalardan təsirlənməyən valyutalar hədəfə alına bilər. Siluanov hansı valyutaları almağı planlaşdırdıqlarını açıqlamayıb.

Siluanov Rusiyanın işgüzar dairələri ilə görüşdə “Biz məzənnəyə təsir etmək üçün dost ölkələrin valyutalarına sərmayə qoymağa hazırıq. Dollar və avro ilə çarpaz məzənnələr vasitəsilə rublun dollar və avro qarşısında məzənnəsini tənzimləyəcəyik. Hökumət bu planla gələn həftə rublun dəyərinə dair digər addımları müzakirə edəcək”,- deyib.

“Bu cür alışlar rublu zəiflətmək üçün kifayət qədər güclü olmayacaq”

Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov həmin iclasda bildirib ki, bu cür alışlar nəhəng ixrac gəlirlərini qarşılaya bilməyəcək və beləliklə də rublu zəiflətəcək gücdə olmayacaq.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, onlar müharibədən əvvəlki fiskal qaydaya qayıtmağı dəstəkləsələr də, sanksiyalara görə sərmayə qoymaq üçün xarici valyuta tapmaq çətin ola bilər.

Rubl dollar qarşısında son 7 ilin ən yüksək səviyyəsindədir. Bu gün Dollar/Rubl məzənnəsi 2015-ci ildən bu yana ilk dəfə 51 rubldan aşağı düşüb.

Əvvəlki məqalə

Ərdoğanla Baydenin görüşü başlayıb

Sonrakı məqalə

İlham Əliyev Aşqabadda rəsmi qəbulda iştirak edib