“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) qarşısında Azərbaycanla bağlı qaldırdığı bütün iddialar mahiyyət baxımından əsassızdır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycanın atdığı hər addımla bağlı beynəlxalq platformalara müraciət edir. Hər müraciətinə də rədd cavabı alır. Bu, Azərbaycanın atdığı addımların beynəlxalq aləm tərəfindən tanınması ilə nəticələnir”.
Bu sözləri Azpost.info-ya politoloq Xəyal Bəşirov Ermənistanın BƏM-ə Azərbaycanla bağlı şikayətini qiymətləndirərkən deyib.
Analitik bildirib ki, bu dəfə də Ermənistan ənənəsinə sadiq qaldı, sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror əməliyyatı barədə əsassız iddia ilə çıxış edib: “Təbii ki, iddiaların mütləq əksəriyyəti rədd edildi. Əslində bu iddialar elə-belə rədd olunmur, buna məhkəmə tərəfindən izah gətirilir. İddialara cavabda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dolayı, bəzən birbaşa BƏM tərəfindən təsdiq olunur. Bu, gələcəkdə Azərbaycanın Ermənistana qarşı qaldıracağı şikayətlərdə, qələbəmizi təsdiqləyəcək hüquqi sənədlərin qəbuluna zəmin yaradacaq. Təbii ki, bundan biz istifadə edəcəyik”.
“Ermənistanın qəbul edilmiş iddialarına baxdıqda isə, o məsələlərin hamısı absurddur. Biz başa düşürük ki, ermənipərəst qüvvələr var gücü ilə BƏM-ə təsir göstərməyə çalışırlar. Bu təsirlər o qədər açıq şəkildədir ki, bunu anlamaq asandır. Məsələn, tərəflər bir kənarda qalıb, Fransa ortalığa düşüb qərarlara şərh verir. Heç bir əsas olmadan, qeyri-ciddi məsələlərə Parisin şərhlərini görürük. Bütün baş verənlər qərəzdən başqa bir şey deyil”, – politoloq əlavə edib.
X.Bəşirov deyib ki, BƏM-də Azərbaycan əleyhinə qəbul edilmiş qərarlardan biri Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmini məsələsinin şərt kimi qoyulmasıdır ki, bu, gülməlidir: “İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti səviyyəsində bəyan edilib ki, erməni sakinlərinin hüquq və təhlükəsizliyi yüksək səviyyədə qorunacaq. Bu məsələdə spekulyasiya edən qüvvələrin nəzərinə dəfələrlə çatdırılıb ki, vətəndaşlığı qəbul edən, qanunlarımızı tanıyan erməni sakinlərə Azərbaycan vətəndaşı olaraq bütün hüquqlarından istifadə edə biləcəklər. Amma bu bəyanatları eşitməyən həmin qüvvələr yenə də “ermənilərin hüquq və təhlükəsizliyinin təmini” barədə danışırlar. Əlbəttə, bu qüvvələr anlayırlar, sadəcə qərəzlərini davam etdirdikləri üçün bu məsələ ətrafında ajiotaj yaradırlar. Hesab edirəm ki, bu təzyiqlərin nəticəsi olmayacaq”.
“Ermənistan və onun ən yaxın havadarı Fransa anlamalıdır ki, BƏM-in qərarı ilə Azərbaycanın rəsmi mövqeyi arasında heç bir ziddiyyətli məqam yoxdur. Ona görə də, BƏM-in qərarından rəsmi Bakı narahat deyil”, – analitik fikrini tamamlayıb.
Anar ABDULLA
Azpost.info