ABŞ Dövlət Departamentinin əməkdaşları Ağ Evi İsrailin Qəzzadakı hərəkətlərini açıq şəkildə tənqid etməyə, həmçinin atəşkəsə nail olmağa çağırıblar.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” amerikalı diplomatların məxfi məktubuna istinadən yazır.
Məktubda deyilir ki, ABŞ-ın bu qədər sayda mülki fələstinlinin itkisinə “tolerantlığı” ABŞ-ın müdafiə etdiyi dəyərlərə əsaslanan beynəlxalq nizama dair şübhələri artırır.
“Biz İsrailin beynəlxalq normaları pozmasını, məsələn, hücum əməliyyatlarını qanuni hərbi məqsədlərlə məhdudlaşdırmamasını açıq şəkildə tənqid etməliyik”, – diplomatlar vurğulayıblar.
Dövlət Departamenti hesab edir ki, Vaşinqton təkcə HƏMAS-ın deyil, İsrailin də qanunsuz əməllərinə görə məsuliyyət daşımasını təmin etməlidir.
Diplomatlar deyirlər ki, rəsmi və özəl mövqelər arasındakı ziddiyyət ictimaiyyətdə ABŞ-ın qərəzli və bütün dünyada ABŞ-ın maraqlarına zərər vuran bir oyunçu olması barədə təsəvvürlərin yaranmasına kömək edir.
Eyni zamanda, amerikalı diplomatlar etiraf edirlər ki, İsrailin ədalət axtarmaq üçün qanuni hüququ və öhdəliyi var, lakin bu günə qədər həlak olan insanların sayı qəbuledilməzdir.
Dövlət Departamenti rəsmi olaraq “məxfi” kimi qeyd olunan məktubun məzmununu şərh etməyib. Departament yalnız bildirib ki, dövlət katibi Entoni Blinken müzakirəni alqışlayır və arqumentləri diqqətlə ölçür.
“Bu şöbənin güclü tərəflərindən biri odur ki, bizdə müxtəlif fikirlərə malik insanlar var. Hər kəsi öz mövqelərini ifadə etməyə çağırırıq”, – Dövlət Departamentin sözçüsü Metyu Miller deyib.
Azpost.info