Beynəlxalq marşrutlardakı avtobuslara biletlər qaytarılarkən ödənişin geri ödənməsi qaydası necə olacaq?

Beynəlxalq müntəzəm marşrutlar üzrə biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılacaq.

Bu, Nazirlər Kabinetinin Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşınması üçün gediş biletlərinin və ödəniş alətinin satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi satış məntəqələrində, bilet kassalarında və elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçiriləcək.

Şəhərlərarası (rayonlararası) və beynəlxalq müntəzəm marşrutlar üzrə biletlərin satışı avtovağzalların (avtostansiyaların) kassaları tərəfindən, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirilir. Biletlər yalnız qeyd olunmuş günə və avtobus reysinə etibarlı sayılır.

Sərnişinlərdə biletlərin və ya digər gediş sənədlərinin olması sürücü, yaxud konduktor tərəfindən sərnişinlər avtobusun salonuna daxil olduqda yoxlanılır. Daşıyıcı bilet satışını avtovağzalın (avtostansiyanın) kassaları vasitəsilə, eləcə də elektron qaydada “AYNA” informasiya sistemi üzərindən həyata keçirdikdə, bilet satışından əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş müvafiq faizini, avtovağzalın (avtostansiyanın) sərnişin daşınmasının təşkili ilə bağlı xərclərinin qarşılanması üçün avtovağzalın (avtostansiyanın) hesabına köçürür. Müqavilə üzrə faiz məbləği I kateqoriya avtovağzallar üzrə 22%-dək, II kateqoriya avtovağzallar üzrə 18%-dək I kateqoriya avtostansiyalar üzrə 15%-dək, II və III kateqoriya avtostansiyalar üzrə isə 10%-dək olmaqla müəyyən edilə bilər.

Müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq sərnişin daşımalarında biletlərin əvvəlcədən satışı təşkil edilə bilər. Gediş sənədinin (biletlərin) əvvəlcədən satışı avtobusun yola düşməsinə 30 gün qalmış başlayır və 2 saat qalmışadək davam edir.

Avtobusun yola düşməsinə 30 dəqiqə qalmış biletlərin kassalarda, satış məntəqələrində və ya “AYNA” informasiya sistemi üzərindən satışı dayandırılır.

Bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış qaytarıldıqda onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 50 faizi və əvvəlcədən satışa görə komisyon muzd çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır. İndiyə qədər bilet müntəzəm beynəlxalq marşrutlarda işləyən avtobusların yola düşməsinə ən azı 24 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytarıldıqda onun dəyərinin 10 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılırdı. Bilet bu müddətdən gec, lakin avtobusun yola düşməsinə 5 saatdan çox olmayan vaxt ərzində qaytarıldıqda, onun dəyərinin 25 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılırdı.

Əvvəlki məqalə

Elektron Təhlükəsizlik Xidmətinə xidməti avtomobillər veriləcək

Sonrakı məqalə

Qırğızıstan Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır