7 dekabr 2023-cü il tarixdə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması yaradılıb.
Azpost.info bildirir ki, bu barədə təsisçilər bəyanat verib.
Bəyanatda deyilir ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ölkənin gələcək ictimai-siyasi mənzərəsi ilə bağlı yeni reallıqlar yaradıb.
“Bu gün Azərbaycan siyasi səhnəsində olan aparıcı oyunçuların hamısını (iqtidarda olan hakim siyasi qüvvə və onun əsas opponentləri) Qarabağ mövzusu meydana çıxarıb….Müxalifətin də siyasi gündəliyi əsasən Qarabağ mövzusu üzərindən formalaşmışdı. Şübhəsiz ki, ictimai rəyin ölkənin ərazi bütövlüyünü bir nömrəli problem kimi qəbul etməsi faktı alternativ siyasi qüvvələrin təbliğat və proqramına təsir etməyə bilməzdi. Bununla belə, müxalifət Azərbaycanın çox dərin siyasi, demoqrafik, sosial-iqtisadi, ekoloji problemlərinin də Qarabağ məsələsi qədər əhəmiyyətli olması istiqamətində ictimai rəy formalaşdıra bilmədi.
Mövcud iqtidarın işğala son qoyaraq Qarabağ üzərində Azərbaycanın suverenliyini təmin etməsi hökumətin və alternativ siyasi qüvvələrin əsas siyasi mübarizə arqumentini aradan qaldırdı. Qarabağ mövzusunun meydana gətirdiyi, eləcə də 30 ilə yaxın ayaqda saxladığı qüvvələr üçün bütöv bir siyasi epoxa sona çatıb.
Hesab edirik ki, belə bir reallıqda ölkənin gələcəyi üçün yeni siyasi qüvvələrin fərqli gündəliklə ortaya çıxması zəruridir. Yeni gündəliyi şərti olaraq “Post-Qarabağ gündəliyi” də adlandırmaq olar.
Fəaliyyətimizin ağırlıq mərkəzi təməl hüquq və azadlıqların təminatını hədəfləyən fəal iştirakçılıq əsasında ölkənin taleyüklü məsələləri ilə bağlı ictimai rəyin formalaşdırılması olacaq”-deyə Platformanın Bəyanatında deyilir.
Platformanın Əsasnaməsi qəbul edilib. Qurucu üzvlər (təsisçilər) arasından Platformanın fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib.
7 nəfərdən ibarət Qurucu Heyətin üzvləri aşağıdakılardır:
Akif Qurbanov
Araz Əliyev
Elman Fəttah
Rövşən Ağayev
Ruslan İzzətli
Səməd Rəhimli
Yadigar Sadıqlı
Sonra Qurucu Heyətin ilk iclası keçirilib. Qurucu Heyət Platformanı təmsil etmək, qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu Spiker seçib. Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb.
Azpost.info