Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq.
Bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.
28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlət başçısı bildirib:
“Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”.
Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan o beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”, – deyə dövlət başçısı bildirib.