Böyük Britaniya dronları və raketləri məhv etmək üçün nəzərdə tutulan “DragonFire” lazer qurğularının sifarişini yarıya qədər azaldıb. Ölkənin Müdafiə Nazirliyi 4 kompleks əvəzinə 2 kompleks alacaq, onların istismara verilməsi isə 2028-ci ilə qədər təxirə salınıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“The Sun” qəzetinin müdafiə qurumundakı mənbələrinə görə, istiqamətləndirilmiş enerji silahının hazırlanmasına ayrılan maliyyə təxminən 1 milyard funt sterlinqdən 500 milyon funt sterlinqə qədər azaldılıb. Bununla belə, Müdafiə Nazirliyinin nümayəndəsi qurumun bu texnologiyaya 490 milyon funt investisiya yatıracağını və sahədə Britaniyanın liderliyini qorumaq niyyətində olduğunu bildirib.
“DragonFire” qurğuları Solsberi yaxınlığındakı Porton-Daun ərazisində yerləşən, hökumətin məxfi müdafiə laboratoriyasında hazırlanıb. Sınaqlar zamanı sistem yüzlərlə atəş açıb. Tərtibatçıların məlumatına görə, bir atəşin qiyməti 10 funt sterlinqdən azdır. Lazerin dəqiqliyi 1,6 kilometrdən çox məsafədə 1 funtluq sikkəni vurmağa imkan verir.
Sifarişin azaldılması müxalifətin tənqidinə səbəb olub. Müdafiə üzrə kölgə naziri Ceyms Kartlic qərarı həddindən artıq qənaət kimi qiymətləndirib və Britaniyanın dronlara qarşı mübarizə üçün yeni texnologiyalara ehtiyac duyduğunu bildirib. Onun açıqlamaları Ukraynanın Rusiyanın “Geran” tipli dronunu məhv etmək üçün lazer silahından ilk dəfə istifadə etdiyinə dair məlumatların yayıldığı vaxta təsadüf edib.
“DragonFire” raketlərlə işləyən hava hücumundan müdafiə sistemlərinə potensial olaraq daha ucuz alternativ hesab olunur. Müqayisə üçün, İsrailin “Dəmir günbəz” raketdən müdafiə sistemindən bir raketin buraxılmasının təxminən 50 min dollara başa gəldiyi ehtimal edilir.
Britaniya hökuməti müdafiə xərclərini artırmağa davam edəcəyini bildirir. Müdafiə Nazirliyi 2030–2035-ci illər arasında yeni silah və sursatlara ən azı 20 milyard funt sterlinq ayrılacağını da vəd edir. Bununla belə, lazer qurğularının sifarişinin azaldılması qərarı Britaniya ordusunun maliyyələşdirilməsinin yetərli olub-olmaması ilə bağlı müzakirələri gücləndirib.
N.Talıblı