Beynəlxalq Cinayət Məhkəməsində (BCM) Filippinin keçmiş prezidenti Rodriqo Dutertenin məhkəmə prosesi başlayır. O, narkotiklərlə mübarizə kampaniyası zamanı kütləvi məhkəməsiz qətllərlə bağlı insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.
Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bu iş keçmiş dövlət başçısının qanlı repressiyalar həyata keçirməkdə ittiham olunduğu məhkəmə üçün ciddi sınaq olacaq.
İttiham tərəfinin versiyasına görə, Duterte narkotik istifadə etməkdə və satmaqda şübhəli bilinən şəxslərin polis əməkdaşları və muzdlu şəxslər tərəfindən öldürüldüyü kampaniyaya rəhbərlik edib.
Prokurorlar iddia edirlər ki, bu qətllərə görə mükafatlar ödənilib. İttihamlar 2011-ci ilin noyabrından 2019-cu ilin martınadək olan dövrü əhatə edir. Həmin vaxt Duterte əvvəlcə Davao şəhərinin meri, daha sonra isə ölkə prezidenti olub.
İş materiallarında 84 ehtimal olunan qətl və iki qətlə cəhd hadisəsi sadalanır. Prokurorluq vurğulayır ki, bunlar ümumi qurban sayının yalnız bir hissəsidir.
Filippin Milli Polisinin məlumatına görə, Dutertenin prezidentliyi dövründə narkotiklərlə mübarizə kampaniyası çərçivəsində 6 mindən çox insan öldürülüb. İnsan hüquqları təşkilatları isə qurbanların sayının xeyli çox olduğunu, hətta 30 min nəfərə çata biləcəyini bildirirlər.
Keçmiş prezidentin müdafiə tərəfi ittihamları rədd edir. Vəkillər bildirirlər ki, işdə təsvir olunan hadisələr insanlıq əleyhinə cinayət hesab edilə bilməz və Duterte bu əməllərə görə fərdi cinayət məsuliyyəti daşımır.
Müdafiə tərəfi, həmçinin 81 yaşlı sabiq prezidentin səhhətinin ciddi narahatlıq doğurduğunu bildirib. Vəkillərin sözlərinə görə, koqnitiv pozuntular səbəbindən Duterte keçmiş hadisələri xatırlamaqda çətinlik çəkir və öz müdafiəsində tam iştirak etmək imkanına demək olar ki, malik deyil.