Ukrayna Prezidenti Volodimir Zelenski “Al Jazeera” telekanalına müsahibəsində Kiyevin hazırkı cəbhə xətti boyunca atəşkəsə razılaşmağa və Rusiya ilə diplomatik danışıqlara başlamağa hazır olduğunu bildirib.

“Biz belə addımlara hazırıq – olduğumuz yerdə qalmağa və dayanmağa. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir”, – deyə Zelenski bildirib və belə bir addımı ciddi kompromis adlandırıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev Rusiya lideri Vladimir Putinin Ukrayna ərazilərinə dair iddialarından imtina etmək niyyətində olmadığını anlayır. Buna görə də Ukrayna tərəflərin hazırkı mövqelərinin rəsmiləşdirilməsini və münaqişənin diplomatik yolla həllinin davam etdirilməsini təklif edir.

Zelenski ABŞ Prezidenti Donald Trampı müharibənin başa çatdırılması istiqamətində səylərini davam etdirməyə də çağırıb.

O qeyd edib ki, ABŞ lideri sülh prosesinə kömək etmək üçün kifayət qədər konstitusion səlahiyyətlərə malikdir. “Ümid edirəm ki, o, bu müharibəni başa çatdırmağın yolunu axtarmağa davam edəcək. Amma bu, yalnız Ukraynanın bunun əvəzini ödəməli olduğu vəziyyətə əsaslanmamalıdır. Bu, düzgün deyil”, – deyə Zelenski vurğulayıb.

N.Talıblı