Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç xüsusi xidmət orqanlarının onların ehtimal olunan kəşfiyyat fəaliyyəti ilə bağlı məlumat verməsindən sonra 4 iranlı diplomatı ölkədən çıxarıb.

Azpost.info xəbər verir ki, bu barədə Bosniyanın “Istraga.ba” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, diplomatlar noyabrın 25-də Bosniya və Herseqovinanı tərk ediblər. Onların arasında İranın Sarayevodakı səfirliyinin üçüncü katibi Hüseyn Mehdiian Fard, iki attaşe – Morteza Fazali və Ehsan Səccadi Monazzeh, həmçinin Seyid Yaser Seyid Məhəmməd var.

“Istraga.ba” yazır ki, bir neçə ölkənin xüsusi xidmət orqanları Mehdiian Fardı İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi (MOIS) ilə əlaqələndiriblər. Nəşrin məlumatına görə, ölkədən çıxarılan digər üç diplomatın isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olduğu iddia edilir.

Mehdiian Fard 2025-ci ilin ortalarından Bosniya və Herseqovinada fəaliyyət göstərib. Həmin vaxt o, İranın Sarayevodakı səfirliyinin üçüncü katibi kimi rəsmi akkreditasiya olunub. Bundan əvvəl Almaniyada işləyib. Nəşr həmçinin onun keçmişdə Berlində qanunsuz fəaliyyətlə əlaqələndirildiyini qeyd edir, lakin bu ittihamların detalları açıqlanmır.

Konakoviç diplomatların ölkədən çıxarılması qərarını xarici nümayəndələrin “persona non grata” – arzuolunmaz şəxs elan edilməsini tənzimləyən qaydalar əsasında qəbul edib.

2004-cü ildə qəbul edilmiş sənədə əsasən, xarici işlər naziri diplomatik və qeyri-diplomatik heyət üzvləri barədə, diplomatik missiya rəhbərləri və bəzi yüksək vəzifəli şəxslər istisna olmaqla, müstəqil şəkildə belə qərar qəbul edə bilər. Həmin şəxslərin ölkədən çıxarılması üçün isə ölkə Prezidentliyinin qərarı tələb olunur.