“Buz bulaqlar, şəlalələr bizimdir” –Ölkədə su çatışmazlığını necə həll etməli?

Suyun dünyanın müxtəlif regionlarında istifadəsi müxtəlif şəkildə həyata keçirilir. Məlumata görə dünyada kənd təsərrüfatında hər il 3500-3600 km3  su işlədilir, bunun 70% suvarmaya sərf olunur.

Kənd təsərrüfatında istifadə olunan suyun miqdarı sənayedə istifadə olunan suyun miqdarından 3-4 dəfə çoxdur. Yer kürəsi əhalisinin 4%-nin sudan kifayət qədər- yəni adambaşına sutkada 300-400 litr düşür, bunun da 10%-ni yüksək keyfiyyətli içməli su təşkil edir.

Su ucuz elektrik enerjisinin mənbəyidir. Dənizlər və çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur.  Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad istehsal etmək üçün 120kubmetr, 1 ton kimyəvi lif istehsalında isə 2000 kubmetr su sərf edilir.

Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni suvarılan 1 hektar torpağa saniyədə orta hesabla bir litr su gedir. Bir ton buğda əldə etmək üçün 1500 kubmetr , bir ton pambıq becərmək üçün 10000 kubmetr su tələb olunur.

Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün ərzində orta hesabla 2 l. su qəbul edir. Müxtəlif su mənbələri və su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur.

Beynəlxalq Rio-de-Janeyro konfransının məlumatına görə dünyada inkişaf etməkdə olan ölkələrin hər üç nəfərindən biri içməli su çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80%-i,ölüm hadisələrinin 1/3-i içməli suyun çatışmamazlığı və keyfiyyəti ilə bağlıdır. Ona görə də dünya əhalisinin yüksək keyfiyyətli su ilə təmin olunması mühüm problem kimi qarşıda duran əsas məsələlərdən biridir.

Azərbaycan da şirin su çatışmazlığı ilə üzləşən ölkələr sırasına daxildir. Cənubi Qafqazda şirin su resurslarının cəmi 10 faizi bizim payımıza düşür. Ölkə ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubmetr təşkil edir. Quraq illərdə isə bu ehtiyat 20,3 kubmetr-ə qədər azalır.

Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi  ölkə hüdudlarından kənarda formalaşır.

Respublikamızda şirin su resurslarımız bütövlükdə azalmaya meyllidir. Bu, qlobal istiləşmə, su resurslarının məişət və sənayedə hədsiz istismarı, əhalinin artımı, suvarılan sahələrin genişlənməsi, çay hövzələri daxilində meşə örtüyünün məhv edilməsi və digər səbəblərdən baş verir.

Keçən ilin yay aylarında Azərbaycanın əsas su arteriyası olan Kür çayında suyun miqdarının kəskin azalması vəziyyətin necə ciddi olduğunu göstərdi. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənovun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının həcmi ötən ilin su təsərrüfat balansına əsasən 24 milyard kubmetr olub.

Onun sözlərinə görə, Azərbaycanın yerüstü su ehtiyatlar 15 milyard kubmetr, Təqribən 9 milyard kubmetri isə yeraltı sulardır. M.Əbdülhəsənov əlavə edib ki, suyun 11 milyard kubmetri xaricdən formalaşaraq ölkəmizə daxil olur, 4 milyard kubmetri isə ölkə ərazisində formalaşır.

“Bu rəqəmlər onu göstərir ki, su ehtiyatlarımız getdikcə azalır. Bu, son 20 ildə 15% azalma deməkdir. Bunun əsas səbəbləri isə son illərdə temperaturun yüksəlməsidir. Bunun qarşısının alınması üçün tədbirlərə misal olaraq sudan qənaətlə istifadə texnologiyaları, damcılı, səpgili suvarma sistemlərni göstərmək olar. Kifayət qədər su ehtiyatımız var, ancaq azalmalar müşahidə edilir. Azərbaycanın su ehtiyatlarının 5 milyard kubmetri işğaldan azad edilən torpaqlarda formalaşır. Bütün bunlar ölkəmizin su ehtiyatına müsbət təsir göstərir”, – o deyib.

Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, ölkəmiz adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.

Məlum olduğu kimi Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada əkinçilik yaranandan bəri suvarmadan istifadə olunub. Təxminən 3000 il əvvəl yaradılan irriqasiya kanallarının izləri indiyə kimi qalıb.  Məsələn, VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə olunur. Muğan və Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.

1880-1890-cı illərdə yalnız Yelizavetpol quberniyasında 890-a qədər suvarma kanalı hesaba alınıb. 1914-cü ildə onların sayı 1200-ə çatmışdı. Kənd təsərrüfatı sahələrinin suvarılması üçün çay sularından başqa kəhriz,bulaq,yağış və qar sularından da istifadə olunub. Yağış və qar sularını ,həmçinin çay daşqın sularını toplamaq üçün böyük olmayan bəndlər tikilib və su anbarları yaradılıb. Təkcə Lənkəran qəzasında 1883-cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olub.

Ölkəmizdə 1950-ci ildən sonrakı dövrlərdə il ərzində və ərazi üzrə qeyri-bərabər paylanan çay su ehtiyatından səmərəli istifadə etmək məqsədilə su anabrları yaradılıb. Bu su anbarlarından suvarma kanalları vasitəsilə şoran torpaqların meliorasiyası və suvarılması yerinə yetirilib. Bu məqsədlə respublikamızda 50-yə qədər su anbarı tikilib, bir çox suvarma kanallları və kollektorları istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə bu gün bu rəqəm 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi 9 faizdən 63 faizə çatıb.

Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çox böyük əhəmiyyəti var. Kəmərlə böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Bu, sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Mütəxəssislərin fikrincə, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Bu anbarın su tutumu 270 milyon kubmetrdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları təbii yollarla təmizlənir və bir rezervuardan Ceyranbatan anbarına su gəlir.

Dünya əhalisinin ¾ qədəri təxminən 100 ölkədə suyun qıtlığı şəraitində yaşayır. Əgər təsərrüfatın idarə olunmasının mövcud üsulları dəyişməsə, suyun keyfiyyətinin pisləşməsi davam edəcək.

 

Qarşıda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi və müasir texnologiyaların ölkəmizə gətirilməsidir.

Mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir.

Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum olmuşuq. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın.

Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir.

Çay və göllərin ekoloji vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Göllərdə suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən , onların yatağının səhiyyə-gigiena vəziyyətindən və b.amillərdən asılıdır.  Azərbaycanda su anbarlarının çirklənməsi çayların güclü çirklənməsi ilə əlaqədardır. Azərbaycanda səth sularının çirklənməsində bir çox sənaye və kənd təsərrüfatı iştirak edir. Əsas su anbarları qonşu dövlətlərdə güclü çirklənəyə məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində yaradılıb. Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı respublikamızın ərazisinə daxil olarkən sürəti azaldığından daha iri və ağır asılı hissəciklər zibil halında çayın dibinə çökür, qalanları isə Şəmkir su anbarına keçir. Bunun nəticəsində çöküntülərin və su anbarının dibi çirklənir, suda həll olan zərərli maddələr, xüsusilə biogen elementlər bütün su hövzələrində kaskadında su anbarının antropogen evtrofikasiyasına səbəb olur.

Ölkənin mövcud su hövzələrində ekoloji təhlükəsizliyin təmin olunması mühüm amillərdən biridir.

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və dərəcəsindən asılıdır. Dünyada xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür. İshal(diareya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür.

Ekoloji Monitorinq Fondunun prezidenti Rauf Sultanovun sözlərinə görə, Gürcüstanın su müfəttişlərinin məlumatına görə, Tbilisi şəhəri daxilində çay suyunda olan zəhərli üzvü maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, neft məhsulları 330 dəfə,  xrom 30, mis, kalium 10, sink 13, mədə-bağırsaq bakteriyaları 338 dəfə artıqdır: “Belə çıxır ki, Kür çayının suyu təmizlənməsə  istifadəyə tamamilə yararsızdır. Kür çayının çirklənməsi  həm də Ermənistan ərazisindən qaynaqlanır. Belə ki, Kürün sağ qolu olan Xram çay Kürə çoxlu çirkab suları gətirir. Gürcüstan ərazisində Xram çaya Ermənistanın ən çirkli çayı olan Debed çayı qovuşur.  Ermənistanın əlvan metallurgiya, kimya, yüngül sənaye mərkəzləri olan Kirovokan, Stepanovan şəhərləri  bu çayın hövzəsində yerləşir.  Bu gün Xəzərin çirklənməsində, ətrafında olan 5 ölkənin də rolu var ki, bunlar  Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistandır”.

Eksperin fikrincə, Xəzər dənizindən içməli su kimi istifadə etmək üçün Ceyranbatan gölünə müəyyən kanal vasitəsilə axıdılır və orada təmizləndikdən sonra içməli su kimi istifadə edilir. Ancaq şox təəssüflər olsun ki, Kür çayından götürülərək Ceyranbatan gölünə axıdılan su Bakıya yaxın ərazidən götürülüb. Yəni Kür, Araz çayına qovuşduqdan sonra o sudan Ceyranbatana gətiriblər: “Araz çayı olduqca çirkli sudur. Əlbəttə, böyük bir səhvdir. Onun Araza birləşməmişdən əvvəl içməli su kimi istifadə edilməsi daha məqsədəuyğundur. İndi Azərbaycanın iqtisadi cəhətdən vəziyyəti yaxşıdır və buraxılmış səhvi düzəltmək lazımdır”.

Ekspeetlərin fikrincə, dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir

Su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması mühüm məsələlərdəndir.

Ərazimizdə su ehtiyatının məhdud şəraitində bu ehtiyatlardan səmərəli istifadə, əldə o lunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Azərbaycanda biomüxtəliflik hansı səviyyədə qorunur?

Sonrakı məqalə

İran səfiri Azərbaycan XİN-ə çağırıldı