“Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat” –

Deputat müğənnilər üçün vergini artırmağa çağırdı
14 Noyabr 2019 - 13:14

“Vətəndaşların vergiyə inamını artırmaq üçün dəfələrlə Milli Məclisdə məsələ qaldırılıb ki, “talkoçka”lardan başlamaq lazımdır. Hamı bilir ki, həmin “talkoçkaları” kim idarə edir”.

Azpost.info modern.az-a istinadən bildirir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, insanlar görsə ki, həmin yerlərdə vergi nizam-intizamı yaradılıb, sahibkarlar heç bir problemsiz öz vergilərini ödəyəcəklər:

“Nə qədər vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Prezident dəfələrlə bildirib ki, sahibkarlar yalnız vergi ödəməlidirlər”.

Deputat İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək bildirib ki, Bakının mərkəzi “kiosk”larla doludur:

“Həmin “kiosk”larda “Reklam haqqında” qanuna zidd olaraq şüşələrin arxasına siqaretlər düzülüb. Məncə bu, xarici turistlər qarşısında ölkəmizin geri qalmışlığının nümunəsidir. Dünyanın heç bir yerində siqaret bu formada reklam olunmur. Hesab edirəm ki, siz bunları aradan qaldırsanız, hamı görəcək ki, qanunlar hamı üçün eynidir. İnsanlar bunu görməyincə heç bir nəticə verməyəcək”.

Q. Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə də toxunub:

“Qeyd olunub ki, videoçəkiliş edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün necə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən biz 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu nə dərəcədə ədalətli vergi qoyma sistemidir? Hesab edirəm ki, qeyd etdiyim məsələlərə bir də baxmalıyıq”.