“Dağlıq Qarabğın status məsələsi gündəlikdən çıxmalıdır” –"Status haradadır, onu hər kəs bilir" (İLHAM ƏLİYEV)

“Status məsələsi ilə bağlı mən artıq demişəm. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb. Bizim qənaətimizə görə, bu, belədir” .

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu münaqişənin bir tərəfi idi: “Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk Qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfıra bərabər oldu. Son iki ərzində faktiki olaraq Minsk Qrupunun həmsədrlərinin özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan Baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic və mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə” ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Bu, əslində, Minsk Qrupunun həmsədrlərini də çox çətin vəziyyətə qoydu. Çünki onlar da buna hər hansı reaksiya verməli idilər. Faktiki olaraq, son 2 il ərzində danışıqlar aparılmırdı. Yəni Azərbaycan bu məsələni təkbaşına həll etdi. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış bəyanat bunu təsdiqləyir.

O ki qaldı statusa, mən çıxışlarımda statusun ünvanını göstərdim. Mən öz çıxışlarımda statusun ünvanını göstərdim, bir də ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, bu məsələ nə qədər az dilə gətirilərsə, Ermənistan və erməni xalqı üçün o qədər yaxşı olar. Çünki Ermənistana və etməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə də status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülüb. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də dəfələrlə demişəm. Əfsuslar  olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilib. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şahmatçı Levon Aronyan Ermənistanı tərk edib

Sonrakı məqalə

“Dövlət şirkətləri dövlətin boynunda böyük yükdür” –