“Deyirdi “camaatın üzünə necə baxım? Deməzlər ki, oğlu öldü, özü sağdır?” –

İradə İsak mərhum Zöhrə Abdullayevadan yazdı
28 May 2021 - 14:39
Hamı birinci bizə zəng elədi. Dostları idik axı.
Müstəqillik günü dünyasını dəyişməsi bu günü həm də mənim üçün Zöhrə Abdullayeva itkisi ilə xatırladacaq bundan sonra.
Əslində bu adı ölüm deyildi. Mən intihar deyirəm. Zöhrə xanım özü ölmək istədi. Könüllü. Mən yazım, siz oxuyun.
Yaxşı, hətta gözəl yaşamışdı Zöhrə xanım. Özü belə deyirdi həmişə. Yeyib-içən, dünyanı gəzən, şən, şux, depressiyasız, saqqildayib gülən qadın.
Son illər də unutmuşdular onu. Daha doğrusu, Məmmədbağırdan sonra bir dəfə də bu şoku yaşamışdı o. Diri ikən ölmüşdü TV-lər ucun. Köhnə sənətkarlar üçün bu ən ağır dərddir, biləsiniz. Unudulmaqdan çox qorxurlar.
Ən əziz tərəf müqabili, çörək ağacını itirmişdi. Özü də yada düşmürdü.
“Sönməyən ulduzlar” verilişi üçün ona zəng edəndə ilk dəfə bu sözü mənə O demişdi: “İradə, illərdir məni yada salıb zəng edən yox idi. Hardan yadına düşdüm?” Bu sözü mənə ondan sonra 2 nəfər də demişdi. Dədə Süleyman və Nübar Novruzova. Hətta çoxları Dədə Süleymanın öldüyünü düşünürdülər.
Gələk Zöhrə xanıma.
Zöhrə xanımı ATVyə çəkiliş üçün çağıranda bir qlamurka aparıcı, sonra guya Azərbaycan korifeylərinin “qədrini bilən”i belə demişdi: Nə görüb İradə İsak bu naftalin iyi verənlərdə? Bunlarda pul var? Çağırmır normal mugənniləri, qalmaqal edib 5 manat qazanardı da. Adam bunlara baxanda ürəyi darıxır”.
Bu söz Zöhrə xanıma məndən əvvəl çatmışdı. Bağrı partlayırdı. Yığdı məni, özünəməxsus əda və zarafatla: “Ay qız, nə deyir bu üzü üzlər görən köhnə buruq ustası?”
Çaşdım qaldım: “Ay Zöhrə xanım, buruq ustası kimdir?”
Deyir: “Filankəsi deyirəm də, köhnə mutilşik də yəni”.
İlahi, indi mən gülməyimi saxlaya bilmirəm. Aparıcını deyirmiş, araqarışdiran mənasında.
Belə dostlaşdı mənimlə. O və hər üçü məni öz yaxın adamları elan etdilər. Çünki hamı unudanda qapılarını döymüşdüm, efirə qaytarmışdım. Üstəlik, əlim yüngül olmuşdu. Hər üçünu mənim verilişimdə görənlər tez-tez dəvət etməyə başladılar.
Zöhrə xanımın o gündən zəhləsi getdi o qızdan. Amma verilişlərinə gedirdi, deyir, xoşum gəlir, indi mənə sənətkar deyir.
Tez-tez zəng vururdu. Bir verilişin vəfasini ömrüboyu unutmadı. “Məni sən bir dəfə diriltmisən” deyirdi.
Dur gəl bizə, sənə aş bişirmişəm.
Dedim, Yaşar məni tək buraxmaz.
Ay qız, mən indiyə qədər evə bir yad erkək milçək də buraxmamisam. Amma sən mərd qızsan, seçdiyin də mərd olar. Götür müəllimi də gəl.
Apardım Yaşarı. O gündən mən yalan oldum, kənarda qaldım. Bu ikisi dost oldular.
Zöhrə xanımın da xanimligi, zövqü, əl qabiliyyəti vardı ha. Hələ zarafatı, yaddaşı, mətbəxi, geyimləri, nərd oynaması. Yaşar kimi özündən deyəni nərddə “mars” edirdi. Bir dəfə də Nəsimi Nəbizadə özün çox öydü. Apardım evlərinə, 3 “mars” vermişdi qoltuğuna.
Pəh, yeməkləri də ki… Düşbərəsi narın-narın, aşı dən-dən, kompotu göz yaşı, mürəbbəsi məcun.
Həm bakılıydı, həm şuşalı. Bakı ləhçəsində danışıb, Şuşa adəti ilə yaşardı.
Ay Zöhrə xanım, heç sizi təbəssümsüz xatırlaya bilmirəm mən.
Sonuna qədər gözlədi. Soruşmadığı adam, döymədiyi qapı qalmadı. İstədiyi bir quru “xalq artisti” adı idi, çox pis olurdu. Məktublarını da mən yazırdım. 2 millət vəkilinin dabanını çıxardıq, xeyri olmadi. Deyirdi, “gör e, əl kuklalarının hamısını xalq artisti elədilər. Məni niyə görmürlər? Ay bacı, 90-cı illər bütün oliqarxların toyunu mən oxumuşam, efirdən düşməmişəm. Yəni bu qədər gözdən salıblar məni?”
Sonuna qədər də ad verilmədi. Sonuna qədər də gözlədi.
Oğluna bağlı idi. Daha çox dost idilər. Onun üçün düşmən qapısına da gedərdi. Xanım İsmayılqızının oğlu öləndə çox ağladı. Dedim, çox ağlamayın. Dedi, İradə, ölərəm e mən oğluma pis bir şey olsa.
Üstündən bir ay keçmədi. Yığdı məni. Durun gəlin bizə, düşbərə eləmişəm sizə. Bu dəfə solğun gördüm onu. Dedi, dərdim böyükdür, oğlumun beynində şiş tapılıb, xərçəngdir. Hər şeyi elədi Zöhrə xanım. Bütün varidatlarini qoydular bu yolda. Almaniyaya qədər apardı. Bir az düzəldi oğlu.
65 yaşı tamam olurdu. Zəng vurdu. Getdim. Dedi, böyük bir yubiley edəcəm özümə. Cəhənnəmə ki, heç kimin yadına düşmürəm. Balam da xəstədir. Birdən bir də belə şansım olmaz. Heç olmasa, son dəfə özümə bir məclis edim, oğlumla qol-boyun oynayım. Dedim, son niyə? Dedi, birdən balama bir şey olar. Bil ki, mən də çox yaşamaram.
Gözəl keçdi o məclis. Son məclis. Oğlu ilə xeyli qol-boyun oynadı. Dedim, yaxşıdır ki, oğlunuz. Gözünü qaçırtdı. Yaxşı deyil. Özü də bilmir hələ. Az qalıb deyəsən. Özünə bildirmirəm. Neyləyəcəm mən, ay İradə?
Və bir gün dünyasını dəyişdi oğlu. O izdihamlı yas məclisində baxdım ki, xeyli dəyişib 1 ay əvvəl gördüyüm qadın. 10 kilo ariqlamişdi. Əvvəlki gözəllikdən əsər-əlamət yox idi. Bəzəkli-sığallı Zöhrə xanım gedib, yerinə qoca qarı gəlmişdi.
Dedi, “mən niyə yaşayıram görəsən? Niyə ürəyim partlamadı mənim? Mən nə abırsız adamam. Camaatın üzünə necə baxım? Deməzlər ki, oğlu öldü, özü sağdır? Kim üçün yaşayım daha mən? Oğlum yox, daha sənət, səhnə mənim üçün yox. Kimə gərəyəm mən? Niyə yaşayım axı?”
Uzun telefon söhbətlərimizdə neyledimsə fikrindən çıxara bilmədim bu fikri.
Ayağı tutulanda yığdım. Dedim, sizi təcili yaxşı psixiatr yanına aparsınlar, əl-ayaqliq, revmatizmlik deyil bu. Sizin ruhunuz çöküb, bədəniniz yox.
Dedi, “İradə, dinmə, sənə bir şey deyim? Mən özüm ölmək istəyirəm. Mən yaşaya bilmirəm. Yasamağa heç bir səbəbim yoxdur. Mən ki həmişə ən düzünü yalnız sənə demişəm. Həyatda 2 istədiyim insan vardı. Anam və oğlum. Onların hər ikisi o dunyadadırlar. Bu dünyada mənim nə işim var?”
Amma çox minnətdar idi Hacı Nurana…Qayğını çıx sevirdi. Deyirdi, Leyla xanım özü tapşırıq verib, mənə xüsusi qulluq edirlər.
İlk dəfə görürdüm bunu. İnsan özünü dirigözlü necə öldürər? Əcəldən qaçan insan Əzrayılını necə özü çağırar?
Mərdlik ölüm anında daha çox görünür.
Zamanında getmək.
Hər şeydən, hamıdan.
Zöhrə xanım, zarafatlarınız, varlığınız üçün çox darıxacam. Yeriniz bizim üçün həmişə görünəcək. Ən sevdiyiniz mahninizla vidalaşıram sizinlə. Mən sizi həmişə belə gözəl, şən, şux xatırlayacam. Yeriniz behişt olsun. Birinci ANA, sonra sənətkar olan qadın!
Allah rəhmət eləsin!
İradə İsak