Texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir. Bu kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritet təşkil edən məsələlərdəndir.
Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, 2-ci Şuşa Qlobal Forumunda məhz bu məsələ ilə bağlı vacib mesajlar verilib:
“50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın qatıldığı Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu neqativ nəticələrin təhlili və onunla mübarizədə effektiv həll yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdılar.
Özbəkistan-Azərbaycan Media Forumu dezinformasiya ilə mübarizə məsələsini bir daha media gündəminə gətirməklə bu problemə qarşı mübarizənin beynəlxalq səciyyə daşıdığını vurğulayır və inanırıq ki, mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaqdır”, – deyə Ə.İsmayılov əlavə edib.