Şəkərli diabetin gözlərə təsiri uzun müddət heç bir əlamət verməyə bilər. Lakin zaman keçdikcə bu xəstəlik görmə qabiliyyətini geri dönməz şəkildə itirməyə səbəb ola bilər. İnsan illərlə kitab oxuya, avtomobil idarə edə və heç bir narahatlıq hiss etməyə bilər. Halbuki qanda şəkərin yüksək olması artıq gözün ən kiçik damarlarını zədələyir. Əlamətlər ortaya çıxanda isə xəstəlik çox vaxt xeyli irəliləmiş olur. İtirilmiş görmə qabiliyyətini geri qaytarmaq mümkün olmaya bilər.
Azpost.info xəbər verir ki, Mayo Clinic mütəxəssisləri diabetik retinopatiya – şəkərli diabet nəticəsində gözün torlu qişasının zədələnməsi ilə bağlı xəbərdarlıq edirlər.
Diabet gözün torlu qişasını necə zədələyir?
Torlu qişa gözün arxa divarında yerləşən nazik toxumadır. O, işığı beyinə ötürülən siqnallara çevirir və çoxsaylı kiçik damarlar vasitəsilə qidalanır. Qanda qlükozanın həddindən artıq olması ilk növbədə məhz bu damarları zədələyir. Damarların divarları zəifləyir, maye və qan sızmağa başlayır, bəzi damarlar isə tutulur. Nəticədə torlu qişanın müəyyən hissələri qidalanmadan məhrum olur.
Ən təhlükəli vəziyyət mayenin torlu qişanın mərkəzi hissəsində toplanmasıdır. Bu zona aydın görmə və oxumaq üçün məsuliyyət daşıyır. Belə şişkinlik makulyar ödem adlanır. Əksər hallarda bu, insanın kiçik detalları və üzləri ayırd etmək qabiliyyətini zəiflədir. Orqanizm qidalanma çatışmazlığını kompensasiya etməyə çalışaraq yeni damarlar əmələ gətirir. Lakin bu damarlar kövrək olur, düzgün inkişaf etmir, asanlıqla qırılır və gözün daxilinə qanaxma yarada bilir.
Xəstəlik uzun müddət hiss olunmaya bilər
Retinopatiyanın ilkin dəyişiklikləri ağrı vermir və demək olar ki, hiss olunmur. Göz qızarmır, görmə qəfil zəifləmir və insan həkimə müraciəti təxirə salır. İnsan illərlə görmə testində yaxşı nəticə göstərə bilər, amma göz dibində artıq zədələnmələr mövcud ola bilər. Görmə itiliyinin normal olması torlu qişanın sağlam olduğu anlamına gəlmir.
Bu müddətdə torlu qişanın mərkəzindəki şişkinlik görüntünü bulanıqlaşdıra, kiçik qanaxmalar isə göz önündə qara ləkələrin yaranmasına səbəb ola bilər.
Məhz buna görə diabet zamanı göz müayinəsi ağrı və ya görmə problemi yarananda deyil, müəyyən edilmiş qrafik üzrə aparılmalıdır.
Hansı əlamətlər təhlükəlidir?
Göz önündə qara saplar, nöqtələr və ya uçuşan ləkələr görünürsə, görmə gün ərzində gah bulanır, gah da aydınlaşırsa, planlı müayinəni gözləmədən oftalmoloqa müraciət etmək lazımdır.
Digər xəbərdaredici əlamətlər bunlardır:
Rənglərin solğun görünməsi;
Oxumaqda çətinlik;
Görmə sahəsində qaranlıq və ya boş sahələrin yaranması;
Axşam və alatoranlıqda görmənin nəzərəçarpacaq dərəcədə pisləşməsi.
Bir gözdə görmənin qəfil itməsi təcili tibbi yardım tələb edir. Bu, göz daxilində böyük qanaxma və ya torlu qişanın qopması nəticəsində baş verə bilər.
Kimlər daha yüksək risk altındadır?
Diabetik retinopatiya şəkərli diabetin istənilən növü zamanı inkişaf edə bilər. İnsan nə qədər uzun müddət diabetlə yaşayırsa və qan şəkərini nə qədər zəif nəzarətdə saxlayırsa, risk bir o qədər artır.
Əlavə risk faktorları:
Yüksək arterial təzyiq – onsuz da zəifləmiş göz damarlarını daha da zədələyir;
Diabet fonunda hamiləlik;
Göz zədələnməsi ilə tez-tez yanaşı görülən böyrək xəstəlikləri.
Bu amillər yalnız bir-birinə əlavə olunmur, həm də qarşılıqlı təsir göstərərək təhlükəni artırır. Buna görə diabet zamanı gözlərin vəziyyəti arterial təzyiq və qan analizləri ilə birlikdə nəzarətdə saxlanılmalıdır.
Görmə qabiliyyətini qorumaq üçün nə etmək lazımdır?
Retinopatiyanın ilkin mərhələlərində gözlərə ayrıca müalicə tələb olunmaya bilər. Əsas məqsəd damarları zədələyən amilləri nəzarətdə saxlamaqdır.
Qanda şəkəri həkimin müəyyən etdiyi hədəf səviyyədə saxlamaq;
Arterial təzyiq və xolesterinə nəzarət etmək;
Görmə normal olsa belə, ildə bir dəfə bəbəklər genişləndirilərək göz dibinin müayinəsindən keçmək;
Siqareti tərgitmək – tütün bütün orqanizmdə damarların zədələnməsini sürətləndirir;
Təyin edilmiş dərmanları buraxmamaq, dozaları özbaşına dəyişməmək.
Bəbəklər genişləndirilərək aparılan göz dibi müayinəsi çox vaxt az vaxt aparır, lakin adi görmə testi ilə aşkarlanmayan dəyişiklikləri üzə çıxara bilir.
Retinopatiya irəliləyərsə, hansı müalicələr tətbiq olunur?
Diabetik retinopatiya inkişaf etdikdə oftalmoloqlar kövrək damarların böyüməsini lazer prosedurları və ya birbaşa göz daxilinə xüsusi preparatların inyeksiyası ilə dayandırmağa çalışırlar. Bu prosedurlar mövcud görmə qabiliyyətini qorumağa kömək edir.
Ağır hallarda, gözün daxilində qan toplanması və ya torlu qişanın qopması baş verdikdə cərrahi əməliyyat tələb oluna bilər.
Diabetik retinopatiyanın erkən aşkarlanması nəzarət və müalicə ilə görmə qabiliyyətini qorumaq imkanını artırır. Xəstəlik gec aşkar edildikdə isə əsas mübarizə artıq itirilmiş görməni geri qaytarmaq deyil, qalan görmə qabiliyyətini qorumaq olur.
Sunay Aydın