ABŞ-da Demokratlar Partiyası 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcək namizədləri müzakirə etməyə başlayıb.

Partiya daxilində həm sol qanadın nümayəndələri, həm də daha mötədil siyasətçilər potensial namizəd kimi nəzərdən keçirilir.

Azpost.info xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

Demokratların bir hissəsi hesab edir ki, Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortes 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürə bilər. Analitiklərin fikrincə, onun partiyadaxili ilkin seçkilərdə (praymeriz) qalib gəlmək şansı yüksəkdir.

Bununla belə, partiya daxilində Okasio-Kortesin ümumi seçkilərdə seçicilərin dəstəyini qazanacağına dair tərəddüdlər də var. Bu narahatlıqlar Demokratların əvvəlki prezident seçkilərində Hillari Klinton və Kamala Harrisin məğlubiyyətləri ilə əlaqələndirilir.

Mötədil demokratların mümkün namizədi kimi Kentukki ştatının qubernatoru Endi Beşirin adı çəkilir. Partiyada hesab edirlər ki, Donald Trampdan sonra Beşirin “yaxşı oğlan” imici seçicilər tərəfindən müsbət qarşılana bilər. Lakin onun praymerizdə qalib gəlməsi asan olmayacaq.

ABŞ-ın keçmiş nəqliyyat naziri Pit Butticec də potensial namizədlər arasında göstərilir. Qeyd olunur ki, o, 2028-ci il seçkilərinə 2020-ci illə müqayisədə daha güclü siyasi təcrübə ilə qatılmağa hazırlaşır.

Bununla belə, Butticec mərkəzçi seçicilərin səsləri uğrunda Corciya ştatından senator Con Ossoff və Kaliforniya qubernatoru Qevin Nyusomla rəqabət aparmalı olacaq.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq istəyən yeni siyasətçilərin ortaya çıxa biləcəyini istisna etməyib.

N.Talıblı