Zəncəfil uzun illərdir soyuqdəymədən həzm problemlərinə qədər müxtəlif hallarda istifadə edilir. Bu ədviyyatın ürəkbulanmanı azaltması ilə bağlı elmi araşdırmalar daha inandırıcı nəticələr ortaya qoyub. Xüsusilə hamiləlik zamanı yaranan ürəkbulanmanın yüngülləşdirilməsində zəncəfilin faydası ilə bağlı müəyyən elmi sübutlar var. Lakin onun digər sağlamlıq problemlərinə qarşı təsiri barədə yayılan iddiaların hamısı elmi cəhətdən təsdiqlənməyib.

Azpost.info xəbər verir ki, bu barədə “Street Kitchen” portalı zəncəfilin faydaları ilə bağlı elmi araşdırmaları təhlil edərək yazıb.

Zəncəfilin hansı maddələri araşdırılır?

Alimlərin diqqəti hazırda zəncəfilin kəskin, bir qədər sitrus xarakterli dadını verən gingerol adlı birləşmələrə yönəlib.

Zəncəfilin vətəni Cənub-Şərqi Asiyadır. Məşhur təsəvvürün əksinə, bu bitkinin istifadə olunan hissəsi əsl kök deyil, yeraltı gövdənin qalınlaşaraq böyümüş hissəsi – rizomudur. Zəncəfil qədim ticarət yollarında da qiymətli məhsul sayılıb, Çin və Hindistanın ənənəvi təbabətində əsrlər boyu istifadə olunub.

Ürəkbulanmanı azalda bilər

Zəncəfilin təsiri ilə bağlı ən yaxşı elmi nəticələr ürəkbulanma sahəsində əldə edilib. Xüsusilə hamiləlik zamanı yüngül və orta dərəcəli ürəkbulanmanın azalmasında onun faydası müəyyən araşdırmalarla təsdiqlənib.

Bununla belə, bütün tədqiqatlarda zəncəfil qusma epizodlarının sayını azaltmayıb.

Avtomobildə, gəmidə və digər nəqliyyat vasitələrində hərəkət zamanı yaranan ürəkbulanmanın qarşısını almaq baxımından isə elmi sübutlar daha zəifdir. Zəncəfilli konfet səfər zamanı müəyyən rahatlıq verə bilər, lakin təsdiqlənmiş dərmanları əvəz etmir.

Həzmə necə təsir edir?

Zəncəfilin həzm sisteminə təsiri ilə bağlı yalnız bir neçə kiçik tədqiqat mövcuddur. Bu araşdırmaların nəticələrinə görə, zəncəfil mədənin boşalmasını sürətləndirə və qidanın nazik bağırsağa daha tez keçməsinə kömək edə bilər. Bu, yeməkdən sonra yaranan ağırlıq hissini yüngülləşdirə bilər.

Lakin mədənin daha sürətli boşalması qarında köpün və digər narahatlıqların mütləq aradan qalxması demək deyil. Bu istiqamətdə əldə olunan nəticələr birmənalı deyil.

İltihab və oynaq ağrılarına kömək edirmi?

Laboratoriya təcrübələri gingerol və zəncəfilin digər maddələrinin bəzi iltihabi proseslərə təsir göstərə biləcəyini ortaya qoyub. İltihab immun sisteminin təbii müdafiə mexanizmidir. O, yalnız xroniki xarakter aldıqda problemə çevrilə bilər. Oynaqların aşınması ilə əlaqəli ağrıların azaldılması istiqamətində aparılan tədqiqatların nəticələri isə ziddiyyətlidir. Bəzi araşdırmalarda ağrının müəyyən qədər azaldığı müşahidə edilsə də, digərlərində bu təsir daha zəif olub.

Üstəlik, tədqiqat iştirakçılarının əksəriyyəti adi zəncəfil çayı deyil, konsentratlaşdırılmış preparatlar qəbul edib. Buna görə zəncəfil dərmanları, müalicəvi fiziki məşqləri və həkimə müraciəti əvəz edə bilməz. Ən yaxşı halda müalicəyə əlavə vasitə kimi istifadə oluna bilər.

Zəncəfil virus və bakteriyalara qarşı təsirlidirmi?

Laboratoriya şəraitində zəncəfilin bəzi maddələrinin bakteriya və viruslara təsir göstərdiyi müşahidə olunub. Lakin bu təsirin insan orqanizmində də baş verdiyini təsdiqləyən etibarlı klinik sübutlar yoxdur.

Bununla belə, xəstəlik zamanı zəncəfil içmək faydalı vərdiş ola bilər. İsti içki boğazı rahatlaşdırır, orqanizmin maye ehtiyacının ödənilməsinə kömək edir və insana müəyyən komfort verir.

Şəkər və xolesterinə təsiri

Bir neçə kiçik klinik tədqiqatda iştirakçılar müntəzəm olaraq zəncəfil tərkibli əlavələr qəbul ediblər. Nəticədə onların qan şəkəri və xolesterin göstəricilərində müəyyən azalma müşahidə olunub.

Lakin həmin tədqiqatlarda istifadə edilən preparatların forması və dozaları fərqli olub. Bu nəticələr əsasında zəncəfilin diabetdən və ürək-damar xəstəliklərindən əhəmiyyətli dərəcədə qoruduğunu söyləmək hələ mümkün deyil.

Təzə, toz və şəkərli zəncəfil – hansı daha yaxşıdır?

Zəncəfilin müxtəlif formaları dad və tərkib baxımından fərqlənir.

Təzə zəncəfil: Sitrus xarakterli, daha kəskin aromata malikdir. Çay, şorba və Asiya mətbəxinin yeməklərində istifadə olunur.

Toz zəncəfil: Daha konsentrasiyalı dad verir, bişmiş məhsullara və ədviyyat qarışıqlarına əlavə edilir.

Şəkərli zəncəfil: Tərkibində əlavə şəkər çox olduğundan onu sağlam qəlyanaltı hesab etmək düzgün deyil.

Gündə 3-4 qram zəncəfil qəbul etmək barədə yayılan tövsiyə rəsmi tibbi norma deyil. Tədqiqatlarda adətən standartlaşdırılmış ekstraktlar və ya tozdan istifadə olunur. Onların aktiv maddələrinin konsentrasiyası təzə zəncəfildən xeyli fərqlənə bilər.

Sağlam yetkin insanlar zəncəfildən adi ədviyyat kimi yeməklərdə istifadə edə bilərlər. Lakin konsentratlaşdırılmış əlavələr qəbul edərkən dozanı nəzərə almaq, onların istifadə olunan dərmanlarla uyğunluğunu yoxlamaq lazımdır.

Sunay Aydın