Doktora minnətdarlıq borcumuz

Azərbaycanda tibbi sığortanın tətbiqi və durmadan sahələr üzrə genişlənməsi özünün müsbət nəticələrini göstərir. Təxminən 20 il öncə Bakıda çalışıb geriyə qayıdan alman professorun jurnalistin sualına cavab olaraq “artıq Almaniyada xəstəlik, müalicə və müayinə sosial, maddi problem hesab olunmur, çünki bütün bu qayğılar tibbi sığorta hesabına qarşılanır” sözlərini eşidəndə bunun necə mümkünlüyünü düşünmək belə bizlərə çox çətin gəlmişdi. O zaman ölkə əhalisinin əksəriyyəti müalicə və müayinə xərclərinin çoxluğu ucbatından xəstəxanaların qapısını döyməyə də cürət etmirdi.

İndi tibbi sığortanın tətbiqi əhali ilə xəstəxanalar arasındakı buzları əritməyə başlayıb. Düzdür, bəzi nümunələrdə rəsmi və ya qeyri-rəsmi şəkildə vaxtilə birbaşa aldıqları rüşvətlərin xiffətini çəkən tibb personalı təmsilçilərinin narazılığı ilə də rastlaşırıq. Amma gənc, perspektivli həkimlərimizlə həyatımıza təşrif gətirən gözəl nümunələri də qeyd etməməyimiz insafsızlıq olardı.

İstəyirəm bizim media qurumlarımız xəsislik etmədən belə nümunələrdən olan Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının mama-ginekoloqu, uzman-həkim Aytən xanım Əlifzadəyə bizim ailənin minnətdarlıq hisslərini çatdırsınlar. Çatdırsınlar ki, həm də belə nümunələrın sayını artıra bilək. Aytən Əlifzadə mənim həyat yoldaşım Səadət Quliyevanı tibbi sığorta əsasında əməliyyata götürəndə onun xəstəyə bu qədər istiqanlı münasibət sərgiləyəcəyinə inana bilmirdim. Hətta bu təbəddülatlı düşüncələrimin təsiri altında özəl xəstəxanaların birini seçmədiyimə görə peşmançılıq hissi də yaşayırdım. Axı sağlamlığımızın kiməsə etibar edilməsi onsuz da hər birimiz üçün çox risklidir! Amma Aytən xanımın və onun xəstələrinə tibbi yardım göstərən Xanım Abzərovanın xəstəyə yanaşmasındakı əsl həkimsayağı spesifik humanist elementlər və çox şükürlər ki, müsbət sonluq həyata və əsl həkimlərimizə inamımızı bir qədər də möhkəmlətdi. Nəticədə alman professorunun dediyi kimi, xəstəlik bizim maddi problemimizə də çevrilmədi…

Əllərinizə sağlıq! Var olasınız ailəmizin əzizinə çevrilmiş, ölkəmizi uğurlu gələcəyə aparan gənc həkim Aytən xanım Əlifzadə və sizinlə çalışan bütün tibbi personalın üzvləri!

Nəzirməmməd Zöhrablı,

jurnalist

Əvvəlki məqalə

Yuxarı Qarabağ kanalının daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

Sonrakı məqalə

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı