“Dövlət kişilərə işləməyə icazə vermir, qadınlar evə buraxmır, polis maşına minməyə qoymur” –

Leyla Şıxlinskaya karantindən danışdı
24 Aprel 2020 - 10:22

“Hamı bir ağızdan deyir ki, insanlar evdə qalmalıdır. Başqa yol yoxdur. Əslində, vəziyyət çox təhlükəli və mürəkkəbdir”.

Bu sözləri Xalq artisti Leyla Şıxlinskaya İTV-də yayımlanan “Gəl qonaq ol!” proqramında deyib.

Söhbət əsnasında qızının Sinqapurda yaşadığını ilk dəfə açıqlayan məşhur koronavirusun minlərlə can aldığı bir dövrdə hamilə qadınları qorumağa səsləyib: “Xaricdə dostlarım çoxdur. Sinqapura yayılan bu virusla əlaqədər dövlət çox sərt qərarlar qəbul edib. Qızım orada yaşayır və mənə bunları danışır. Dünyada yüz doxsan mindən çox insan ölüb. Bu, şok bir rəqəmdir və çox qorxuludur. Ən çox hamilə qadınlar üçün narahatam. 20 ildən çoxdur ki, onlarla birlikdəyəm. Anaların həddən artıq çox problemlərinin olduğunu yaxşı bilirəm. Hər zaman xahiş edirəm ki, qohumları bu qadınları mümkün qədər çox qorusunlar. Ən azından bu dövrdə bacardığınız qədər onları dəstəkləyin. Karantində kişilər üçün daha çox üzülürəm. Dövlət onların işləməsinə icazə vermir, qadınlar onları evə buraxmırlar, yol polisi də maşına minməyə imkan vermir. Mən onların bu vəziyyətinə çox acıyıram. Bəs bu kişilər nə etsinlər? (gülür)”.

Verilişin aparıcısı Saleh Bağırovun L.Şıxlinskiyə ünvanladığı “Çox gözəl görünürsünüz. Bu gözəlliyinizin səbəbi nədir?” sualına Xalq artisti belə cavab verib: “Bunun heç bir sirri yoxdur. Heç vaxt rəfiqələrim olmayıb, elə indi də yoxdur. Çünki onlarla oturub söhbət etməyə, kiminsə dalınca danışmağa və ya dedi-qodu etməyə zamanım olmayıb. Hər zaman dəli kimi işləmişəm. İllər öncə Qubada kiçik bir hotelin sahibi oldum. Dayanmadan işləmişəm.

Çox ciddi və ağır əməliyyat keçirdim. 11-12 kiloqram çəki atıb arıqladım. Daha sonra üzümdə plastik əməliyyat etdirdim. Gözlərimin altındakı yırtıqlar əməliyyat vasitəsi ilə götürüldü. Lazım gəlsə, yenə əməliyyat olunacağam. Çünki hələ səhhətim buna icazə verir. Gözəl və təravətli qalmaq üçün yalnız işləmək və müxtəlif kremlərdən istifadə etmək lazımdır. Budur mənim reseptim”. (Oxu.az)