Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bunun aradan qaldırılması üçün dövlət qurumlarına müvafiq bildirişlər göndərilib.
Dövlət Xidmətindən bildirilib ki, 2022-ci ilin eyni dövrü ərzində isə dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkarlanaraq, aradan qaldırılması təmin edilmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8.2 və 8.3-cü bəndlərinin icrası məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda, bu sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılıb, aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim olunub.