“Bu yaxınlarda hörmətli həmkarımız xoşagəlməz müsahibə ilə çıxış etdi, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpdi”.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deputat həmkarı Vahid Əhmədov barəsində bildirib.
Fəzail Ağamalı qeyd edib ki, onu narahat edən əsas məsələ millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir: “O, ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.
Deputat Vahid Əhmədov isə qeyd edib ki, hər zaman dövlətin yanında olub, dövlətçilik mövqeyini müdafiə edib, yenə də müdafiə edir: “Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın, etiraz etmirəm, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram”.