“Ekoloji monitorinq üçün beynəlxalq qurumları Qarabağa dəvət etmək lazımdır” –ELMAN CƏFƏRLİ

“Ermənilərin Laçında törətdiyi ekoloji terror və tərk etdikləri ərazini minalaması Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış prosesini ləngitməyə hesablanıb”.

Bunu avqustun 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində keçirilən Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı müzakirədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Azərbaycan ərazilərinin 28 illik işğalı dövründə ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə insanlara deyil, ətraf mühitə qarşı da terror həyata keçirdiyini vurğulayan Elman Cəfər deyib ki, bu müddət ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz istismara məruz qalıb.

Onun sözlərinə görə,  ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistem məhv edilib.

İşğalçı Ermənistanın ümumulikdə 54 min hektar meşə sahəsini,  çayları çirkləndirdiyini deyən E.Cəfərli bildirib ki, baş verən ekoloji terror təkcə Azərbaycana qarşı deyil, regiona, bütövlükdə bəşəriyyətə qarşı həyata keçirilib.

Təşkilat sədri hesab edir ki, ekologiya yönümlü beynəlxalq təşkilatları işğaldan azad olunmuş torpaqlarla dəvət etmək lazımdır: “İşğaldan azad olunmuş torpaqlara nüfuzlu hüquq müdafiəçiləri, jurnalistlər, parlamentarilər, bloqqerlər dəvət edilir. Hesab edirəm ki, ekologiya yönümlü beynəlxalq təşkilatları da Qarabağa dəvət etmək lazımdır ki, onlar özləri monitorinq aparsın və öz gözləri ilə erməni vandalizminin şahidi olsunlar”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.