Ekspert infliyasiya təhlükəsindən danışdı:“Hökumət neftin bahalaşacağına ümid edir, amma...” 

“Mərkəzi Bank düzgün olaraq uçot dərəcələrini aşağı salmadı”.

 Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev dünyadakı son maliyyə prosesini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, dünyanın aparıcı Mərkəzi Banklarının uçot dərəcəsini aşağı salması (ABŞ, Koreya, Braziliya) və ya bunu planlaması (Avropa Birliyi, Yaponiya) Azərbaycanda da analoji gözlənti yaratmışdı. Ancaq  Mərkəzi Bank uçot dərəcəsi 7.25% səviyyəsində saxladı.

S.Əliyevin sözlərinə görə, adıçəlilən ölkələrdə istehlak qiymətləri indeksinin səviyyəsi aşağı olduğundan onlar milli valyutanı ucuzlaşdırmaq yolu ilə iqtisadi aktivliyi təmin etməyə hədəfləniblər. Azərbaycanda isə rəsmi inflyasiya səviyyəsi aşağı (2,9%) olsa da bu göstərici dayanıqlı deyil: “İdxaldan yüksək asılılığımız məzənnə dəyişməsinin inflyasiyaya daha çox təzyiq göstərməsini şərtləndirir. Bu baxımdan monetar yumşalma kövrək sabitliyi poza bilər”.

Ekspert qeyd edib ki, uçot dərəcələrini iki gün öncə 1% bəndi aşağı salan qonşu Türkiyədən (bu ölkə də yüksək inflyasiya təzyiqi altındadır) fərqli olaraq digər qonşumuz olan Rusiya hələki gözləmə mövqeyindədir. Rusiya Mərkəzi Bankının tezliklə baş tutacaq iclasından əsas gözləntilər uçot dərəcəsinin artırılması ilə bağlıdır.

“Azərbaycan Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmaması doğru addım idi, ancaq onu artırmağı daha məqsədəuyğun olardı. Düzdür Mərkəzi Bank artıma yönəlik addım da atıb. Uçot dərəcəsinin aşağı həddini 1,25% bəndi artıraraq 6,75%-ə yüksəldib”.

S.Əliyevin sözlərinə görə, indi aşağı tavanı yuxarı qaldırmaqla bankların hərraclara marağını artırıb. Belə ki, bu artımdan sonra Mərkəzi Bankın deposit hərraclarında cəlb edilən vəsaitlərin illik faizi indiki 5,51%-dən təxminən 6,76%-ə yüksələcək. Eyni artım Mərkəzi Bankın qısamüddətli notlarında da baş verəcək. Bu isə bankların son iki hərracda azalan marağını artıracaq: “Martın əvvəlindəki hərraclarda tələb təklifi 6 dəfədən çox üstələdiyi halda son iki hərracda bu göstərici 3 dəfəyədək azalmışdı. Belə vəziyyətdə bankların əlindəki manat vəsaitlərini valyuta bazarından çəkindirməklə manata olan təzyiqi minimum endirmiş oldu. Ona görə də bu qərarı “gözləmə+” kimi də adlandırmaq olar. Yəni dərəcə dəyişmir, amma artıma yönəlik addımlar atılır”.

S. Əliyevin fikrincə, əslində Mərkəzi Bank 2015-ci ildə olduğu kimi yenə gözləmə mövqeyindədir. Açıqlamada bu qərarın başlıca olaraq qlobal mühitdə yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edildiyi bildirilir: “Açıqlamadan belə nəticə çıxartmaq olar ki, Mərkəzi Bank və ümumilikdə hökumət vəziyyətin tezlikdə dəyişəcəyini, neftin yenidən bahalaşacağına ümid edir. Halbuki proqnozlar hələki bu gözləntini tədiq etmir. Koronavirus problem həll olunsa belə neftin yenidən 50-60 dollar səviyyəsinə qalxacağı ehtimalı azdır. Bu isə indidən ehtiyat tədbirlərin görülməsini zəruri edir”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın növbəti qərarı mayın 1-də olacaq: “Bu müddətdə gözlənilməz çoxlu hadisələr ola bilər: bir sıra malların qıtlığı fonunda inflyasya təzyiqinin artması, hökumətin sahibkarla (vergi tətili, güzəşti, güzəştli kredit) və əhaliyə (kredit ödənişi tətili və s) yönəlik əlavə sosial paketi işə salması, bəzi qruplarda, məsələn həkimlərin maaş artımı və s. Bütün bunlar bazarda manat kütləsini artıran amillərdir. Deməli, pandemiya problemi və neftin aşağı qiyməti həllini tapmaqsa, Mərkəzi Bankı növbədən kənar faiz artımı iclasının keçirilməsi istisna deyil”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN-ə yeni səlahiyyət verilib

Sonrakı məqalə

Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırıldı-