Anar Rəhim oğlu Əliyev Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
AzPost xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla o nazir müavini vəzifəsindən azad edilib.
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan qədər o, nazir müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.
Yeni nazir tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyevin və Əməkdar jurnalist İradə Əliyevanın övladıdır.