“Əmlak vergisində kor-koranə xarici model tətbiqi sosial narazılığa və iqtisadi təhlükəsizliyin zədələnməsinə rəvac verə bilər”- Vüqar Oruc

Son dövrlərdə daşınmaz əmlak vergisinin bazar dəyəri əsasında hesablanması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Beynəlxalq təcrübəyə istinad edilərək bu yanaşmanın daha ədalətli olduğu vurğulanır. Lakin hər bir ölkənin iqtisadi reallıqları, əhalinin gəlir səviyyəsi və sosial vəziyyəti nəzərə alınmadan xarici modellərin tətbiqinə cəhd göstərilməsi ciddi problemlərə səbəb ola bilər.

AzPost xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, əmlak vergisinin əsas məqsədi yalnız dövlət büdcəsinin gəlirlərini artırmaq deyil, həm də sosial ədalətin qorunmasını və yerli idarəetmənin maliyyə dayanıqlığının təmin edilməsini hədəfləməlidir. Bu baxımdan, Azərbaycanda tətbiq ediləcək hər hansı yeni vergi mexanizmi ilk növbədə vətəndaşların maraqlarını nəzərə almalıdır. Azərbaycan Respublikasının Prezidenti, milli liderimiz İlham Əliyevin instusional, çoxşaxəli, sosial və humanist əsaslara dayanan iqtisadi siyasətinin mahiyyəti də elə bu prinsipdir.
Daşınmaz əmlak vergisinin gələcəkdə daha səmərəli və ədalətli tətbiqi məqsədilə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi də mühüm məsələlərdən biridir. Dünyanın bir çox ölkəsində əmlak vergisi yerli özünüidarəetmə orqanlarının əsas maliyyə mənbələrindən biri hesab olunur və həmin vəsaitlər birbaşa yerli infrastrukturun, kommunal xidmətlərin və sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir. Azərbaycanda da bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi, onların vergi inzibatçılığı sahəsində imkanlarının artırılması yerli idarəetmənin inkişafına əhəmiyyətli töhfə verə bilər.

Ekspert bildirib ki, bununla yanaşı, bazar dəyərinə əsaslanan vergi modelinin tətbiqi üçün zəruri şərtlərdən biri daşınmaz əmlak reyestrinin tam və dəqiq şəkildə formalaşdırılmasıdır. Hazırda ölkədə bütün daşınmaz əmlakların hüquqi statusu, texniki göstəriciləri və real bazar dəyərləri üzrə məlumat bazasının tam şəkildə formalaşdırıldığını söyləmək çətindir. Reyestr məlumatlarında mövcud olan boşluqlar və qeyri-dəqiqliklər vergi yükünün vətəndaşlar arasında qeyri-bərabər bölüşdürülməsinə səbəb ola bilər. Buna görə də hər hansı genişmiqyaslı dəyişiklik həyata keçirilməzdən əvvəl əmlak reyestrinin təkmilləşdirilməsi, məlumatların tamlığı və şəffaflığının təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

İqtisadçının sözlərinə görə, hazırda ölkəmizdə yüz minlərlə ailənin yeganə yaşayış yeri olan mənzillər və fərdi evlər mövcuddur. Daşınmaz əmlakın bazar qiymətinin artması həmin ailələrin gəlirlərinin də artması demək deyil. Xüsusilə paytaxt və iri şəhərlərdə yerləşən yaşayış sahələrinin dəyəri son illərdə müxtəlif amillərin təsiri ilə yüksəlmişdir. Lakin əhalinin əməkhaqqı və sosial təminat göstəriciləri eyni sürətlə artmamışdır. Vətəndaş əmlakın vergisini ödəmək üçün həmin əmlakı satmaq məcburiyyətində qalmış olar. Belə şəraitdə bazar dəyərinə əsaslanan yüksək vergi yükü sosial narazılığın yaranmasına səbəb ola bilər. Boğazdan yuxarı və iqtisadi yükü olmayan təkliflər dövlətimizin iqtisadi təhlükəsizliyini zərbə altına qoya bilər.

Məhz buna görə daşınmaz əmlak vergisinin tətbiqində diferensial və sosial yönümlü yanaşmanın əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Məsələn, dəyəri 500 min manata qədər olan yaşayış əmlakları üçün sabit və aşağı məbləğli vergi sistemi müəyyən edilə bilər. Bu yanaşma orta təbəqənin və aztəminatlı ailələrin əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısını almağa xidmət edər.

Vüqar Oruc qeyd edib ki, bununla yanaşı, yüksək dəyərə malik əmlaklar üzrə fərqli mexanizmin tətbiqi nəzərdən keçirilə bilər. Dəyəri 500 min manatdan yuxarı olan yaşayış və kommersiya obyektləri üçün normativ qaydada müəyyən edilmiş faiz dərəcələri əsasında verginin hesablanması daha məqsədəuyğun görünür. Bu halda vergi yükü daha çox maliyyə imkanlarına malik şəxslərin üzərinə düşər və sosial ədalət prinsipi qorunmuş olar.

Dünyanın bir çox ölkəsində də məhz bu yanaşmadan istifadə edilir. Vergi sistemi vətəndaşları cəzalandırmaq məqsədi daşımamalı, iqtisadi tarazlığın təmin edilməsinə xidmət etməlidir. Əsas məqsəd insanları öz mülkiyyətlərinə görə çətin vəziyyətə salmaq deyil, dövlətin və cəmiyyətin maraqları arasında balansın yaradılmasını təmin etməkdir.

Ekspert hesab edir ki, Azərbaycanın vergi siyasəti beynəlxalq təcrübədən faydalanmalıdır. Lakin bu təcrübə kor-koranə şəkildə deyil, ölkənin iqtisadi və sosial xüsusiyyətlərinə uyğunlaşdırılaraq tətbiq edilməlidir. Əks təqdirdə, nəzəri baxımdan mükəmməl görünən modellər praktikada vətəndaşların rifahına mənfi təsir göstərə bilər.

Hazırkı mərhələdə əsas müzakirə predmeti verginin necə artırılması deyil, onun necə ədalətli şəkildə bölüşdürülməsi olmalıdır. Ədalətli vergi sistemi isə ilk növbədə orta və aşağı gəlirli vətəndaşların maraqlarını qoruyan, yüksək dəyərli aktivlərə sahib olan şəxslərin isə iqtisadi imkanlarına uyğun məsuliyyət daşımasını təmin edən sistemdir.

Məhz buna görə Azərbaycanda daşınmaz əmlak vergisinin gələcək inkişaf istiqaməti bazar dəyərinin mexaniki tətbiqində deyil, sosial ədaləti, iqtisadi reallıqları və vətəndaş rifahını əsas götürən diferensial modelin formalaşdırılmasında olmalıdır.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.