“Ermənistanın törətdiyi cinayətlər barədə beynəlxalq təşkilatlara çağırışlar edilib”- Ombudsman

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik kimi ümumbəşəri prinsiplər əsasında formalaşdırılan Azərbaycanın Ombudsman təsisatı bu gün üzərinə düşən vəzifələrin icrası istiqamətində uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində vəzifələrə malik Ombudsman təsisatının tam müstəqil fəaliyyət göstərməsi üçün şərait yaradılıb.

Azərbaycan Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi 20 illik fəaliyyəti dövründə daim ölkə rəhbərliyinin dəstəyini və qayğısını hiss edib.

Bu fikirləri “Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.

Ombudsman bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar çərçivəsində ölkəmizin iqtisadi potensialının və hərbi qüdrətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində uğurlu addımlar atılıb, 30 il erməni işğalı altında olan torpaqlarımız 2020-ci ildə Vətən müharibəsində işğaldan azad edilib.

“Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlər barədə beynəlxalq təşkilatlara çağırışlar edilib və bu istiqamətdə digər işlər görülüb. Uzun illərdir hüquqları pozulan vətəndaşımız işğaldan azad olunmuş ərazilərə qayıtmalıdır. Amma Ermənistanın mina terroru nəticəsində bu proses ləngiyir. Mina xəritələrinin ölkəmizə verilməsi üçün beynəlxalq ictimaiyyətə müraciətlər edilib”, – deyə S.Əliyeva vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib

Sonrakı məqalə

Müsbət davranış qaydalarına görə şagirdlərə yaşıl kart veriləcək