Fəvvarələr meydanında “İndoneziya Günü” qeyd olunub –FOTOLAR

Anqklunq, talemponq və sapenin sədaları, musiqi qrupunun canlı ifaları və rəqqasların rəvan hərəkətləri Bakı şəhərinin Fəvvarələr meydanını dolduran yüzlərlə azərbaycanlını iqtisadiyyat və incəsənətin təşviqinə həsr olunmuş “İndoneziya Günü” adlı tədbirin şahidi olmaq üçün özünə cəlb edib.

Noyabr ayında Bakı şəhərində hava soyuq olsa da, bu, ziyarətçilərin ənənəvi İndoneziya musiqi və rəqslərindən həzz almaq, eləcə də çadırlarda mövcud olan müxtəlif növ İndoneziya mətbəxinin nümunələrini və içkilərini dadmaq həvəsini azaltmadı.

İndoneziyanın ölkəmizdəki səfirliyindən Azpost.info xəbər verir ki, səfiri Hildi Hamid açılış nitqi ilə çıxış edərək deyib ki, İndoneziya Səfirliyi tərəfindən paytaxt Bakının mərkəzində keçirilən “İndoneziya Günü” adlı tədbir bu ölkənin incəsənət və mədəniyyətinin müxtəlifliyini, eləcə də müxtəlif İndoneziya məhsullarını Azərbaycan xalqına nümayiş etdirmək cəhdidir.

Bu tədbir çərçivəsində İndoneziya Səfirliyi anqklunq, talemponq və sape kimi milli musiqi alətləri vasitəsilə ənənəvi İndoneziya mahnılarını və hər kəsin sevdiyi məşhur Azərbaycan musiqilərini, eləcə də musiqi qrupunun canlı çıxışlarını təqdim edib.

Bundan əlavə, İndoneziyanın Bakıdakı Səfirliyinin əməkdaşları və İndoneziya incəsənəti və mədəniyyəti üzrə təqaüd proqramının (BSBI) məzunları tərəfindən “jaipong, enggang, ondel-ondel və indanq rəqsləri” gözəl və enerjili şəkildə təqdim edilib.

Müxtəlif ənənəvi musiqi və rəqslərdən əlavə, ziyarətçilər çıxışları izləyərkən “bakso, qızardılmış əriştə, satay padanq, rendanq və mendoan tempeh, dadar qulunq, risol və onde-onde” kimi ənənəvi İndoneziya təamlarını dadmaq imkanı olub.

Aparıcının İndoneziya haqqında suallarını cavablandıran tamaşaçılar interaktiv oyunlarda da fəal iştirak ediblər. Düzgün cavab verən iştirakçılar maraqlı İndoneziya suvenirlərindən ibarət hədiyyə çantaları əldə edib.

Həmçinin, izləyicilərə İndoneziya incəsənətini, mədəniyyətini və iqtisadiyyatını təbliğ edən tədbir zamanı İndoneziyaya məxsus müxtəlif əl işləri və batik parçalar, toxuculuq nümunələri, ənənəvi geyimlər və müxtəlif bölgələrdən suvenirlər də nümayiş olunub.

Qeyd olunan çadırlarla yanaşı İndoneziyaya turist cəlb etmək məqsədilə İndoneziyaya müxtəlif turpaketlərin satışı ilə məşğul olan Azərbaycanın “Falcon Luxury Travel” turizm agentliyinin stendi də əlavə olunub. Bu münasibətlə İndoneziya Səfirliyində İndoneziyaya turizm məqsədilə səfər etmək istəyən ziyarətçilər üçün viza rəsmiləşdirmə xidməti fəaliyyət göstərir.

Təxminən 5 saat davam edən İndoneziya rəqs və mahnıları, müxtəlif növ İndoneziya təamları ilə zəngin olan “İndoneziya Günü” adlı tədbir sona qədər Bakı şəhərinin Fəvvarələr meydanını dolduran ziyarətçilər tərəfindən çox müsbət qarşılandı. Tədbirin sonunda tamaşaçılar “sajojo” və “gemu famire” rəqsini birgə ifa etməyə dəvət olundular.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 31 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Azərbaycan qarşılıqlı hörmət əsasında İranla əlaqələrin inkişafında maraqlı olub” –