Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Karantin müddətində səhhətinin qeydinə qalan, evdən çıxmayan adamların arasında məşhurlar çoxluq təşkil edirlər. Əməkdar artist Ədalət Şükürov bu mövzuda Yenisabah.az saytına müsahibə verib.
– Ədalət bəy, xüsusi karantin rejimini necə keçirirsiniz, nə işlə məşğulsunuz?
– Bağ evimə gəlmişəm, buradayam. Onsuz da şəhərdə qalmağın bir mənası yoxdur, tədbirlər, toylar ləğv edilib. Dost – tanışla görüşə də bilmirsən, görüşmək istəsən də onlar razı olmur. Çalışıram özümü qoruyum, çölə mümkün qədər çıxmamağa çalışıram. Bağda idmanla məşğul oluram, televizora baxıram, kitablarım var, onları oxuyuram, internetdən faydalı istifadə etməyə çalışıram.
– Koronavirus artıq Azərbaycan da daxil olmaqla, 200-ə yaxın ölkədə yayılıb. Sizcə, bu virusun belə sürətlə yayılmasına səbəb nədir?
– Bildiyiniz kimi, virus Çində meydana çıxdı. Çin elə bir ölkədir ki, oradan digər ölkələrə, həmçinin Çinin özünə uçuşlar çox olur. Bilirsiniz, 100 il bundan əvvəl belə deyildi, hansısa xəstəlik yaranırdısa, onun yayılma riski az idi. Müəyyən bir yerlə məhdudlaşırdı. Lakin, bu gün elə deyil, insanlar bir çox ölkələrə rahat şəkildə gedə bilirlər. Məsələn, mən burdan təyyarəyə otururam, uzağı 12 saata dünyanın başqa bir yerində oluram. Ona görə daşıyıcılar özlərinin belə xəbəri olmadan digər ölkələrə getdilər və virus bu qədər sürətlə yayılmağa başladı. Digər səbəb simptomların tez müşahidə olunmamasıdır. İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı zaman 14 günə qədər çəkə bilir. Sən normal həyatını yaşayıb, gündəlik işlərinə davam edirsən, amma bir həftə sonra görürsən ki, artıq nəfəs ala bilmirsən. Buna görə də xəstəliyə yoluxanlar özləri də bilmədən ətrafdakıları yoluxdururlar. Mən insanlara məsləhət görürəm ki, evdən çıxmasınlar. Özlərini və yaxınlarını qorusunlar. Adi qrip olduğunu düşünsələr belə, xəstəlik əlamətləri hiss edən kimi təcili yardıma müraciət etsinlər. Zarafat deyil, artıq yarım milyondan çox insan koronavirusa yoluxub. Bunu adi qriplə müqayisə etmək düzgün deyil, adi qripdən çox-çox kəskindir.
– Bu gün ölkəmizdə ərzaq qıtlığı olacağını fikirləşib, marketlərə “hücum” edənlər var. Bununla bağlı nə düşünürsünüz, həqiqətən qıtlıq yarana bilərmi?
– Marketlərdə hər şey var. Sərhədlər bağlanıb deyə insanlar elə düşünür ki, ərzaq məhsulları bitəcək, almağa heç nə tapmayacaqlar. Amma bu belə deyil, anbarlar doludur, məhsul da boldur. Həm də çox adam bilmir ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu var. Nə isə olsa belə yardım ediləcək. Marketləri yığıb evə gətirmək lazım deyil. Bax, bu artıq panika deməkdir. Ehtiyac yoxdur belə etməyə. Məsələyə digər tərəfdən yanaşsaq, bu, həm də israfçılıqdır. Əsas olan insanın öz sağlamlığını qorumasıdır.
– Türkiyəli məşhurlar karantin müddətində maddi problem yaşayan şəxslərin kirayə haqqını ödəməyə qərar veriblər, ehtiyacı olanlara maddi yardım edirlər. Bəs bizdə niyə şou əhli ehtiyacı olanlara yardım etmir?
– Bizimkiləri Tükiyə sənətçiləri ilə bir tutmaq düzgün yanaşma deyil. Bizim müğənnilərin özünün nə qədər qohum-əqrəbası var, onlara yardım edir, dolandırır. Etsələr də demirlər. Mənim özümün Fizulidən olan qaçqınlarım var, onlara yardım edirəm, amma bunu bir dəfə də olsa dilə gətirməmişəm. Ümumiyyətlə, etdiyim şeyləri hər yerdə danışmağı sevmirəm. Həmçinin də sənət dostlarım. Arada dostum Vasif Məhərrəmli, Manaf Ağayevlə əlaqə saxlayıram, onlarda da eyni vəziyyətdir. Hamının öz ətrafı, ehtiyacı olan qohumları var, onlara yardım edir. Bilirsiniz, bir məsələ də var ki, əgər yardım edib reklam etsək, hamı yazacaq. Sosial şəbəkələr “Facebook”, “İnstagram” dilənçiləri ilə doludur. Bircə dəfə bir şey paylaşsaq, həmən dəqiqə mesaj bölməsi dolub-daşır. Ehtiyacı olan da, olmayan da yazır, nə isə istəyir… Ona görə adam heç paylaşmaq da istəmir.