SOCAR “Total” şirkəti ilə “Abşeron” yatağında həyata keçirilən işləri müzakirə edib.
Şirkətdən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Total” şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR-ın rəhbərliyinə təqdim edilib. SOCAR-ın prezidenti R.Abdullayev ötən ilin bütün ölkələr üçün çətin keçdiyini, dünyanın yeni çağırışlarla üz-üzə qaldığını, lakin pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, Azərbaycanın üzləşdiyi müharibədən qələbə ilə çıxdığını bildirib. R.Abdullayev Fransadakı siyasi dairələrin ölkəmizə qaşı bitərəfliyini qoruya bilməyib, qərəzli mövqe nümayiş etdirdiklərinə görə Azərbaycanın haqqlı etirazını qonaqların da diqqətinə çatdırıb.
“Total” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti ötən il birgə layihə çərçivəsində bütün fəaliyyətlərin itkisiz və təhlükəsiz şəraitdə həyata keçirildiyini və bunun mühüm nailiyyət olduğunu bildirib. “Total”ın tam özəl bir şirkət olaraq, Fransa dövləti ilə hər hansı bağlılığının olmadığı qeyd edilib, şirkətin Azərbaycana və birgə həyata keçirilən “Abşeron” layihəsinə sadiq qalması vurğulanıb.
Daha sonra bundan əvvəl “Total”ın Kanadanın Kalqari şəhərindəki bölməsinin icraçı direktoru vəzifəsində çalışmış Kristin Mari Hili “Total” şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni vitse-prezidenti kimi SOCAR-ın rəhbərliyinə təqdim olunub. K.Hili əmək fəaliyyəti dövründə müxtəlif aparıcı şirkətlərdə çalışıb, son illərdə isə “Total” şirkətində fəaliyyət göstərib.
Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və “Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılıb. SOCAR prezidenti qeyd edib ki, müxtəlif ölkələrin aparıcı şirkətləri Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə xüsusi maraq göstərir. Son dövrdə qaz bazarında vəziyyətin yaxşılığa doğru dəyişməsi, ötən il qiymətlərin kəskin düşməsindən sonra, bu il təbii qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi qaz biznesinin dayanıqlılığına dəlalət edir.
“Total”ın kəşfiyyat və hasilat üzrə prezidenti deyib ki, dünyada demoqrafik artımla bağlı olaraq yaxın onilliklərdə enerjiyə tələbat artmaqda davam edəcək. “Total”ın proqnozlarına əsasən, 2050-ci ilə qədər enerji istehlakında neft və qazın payı 50 faizdən aşağı düşməyəcək. Ümumilikdə isə qaza olan tələbatın yüksələcəyi proqnozlaşdırılır. “Total” rəsmisi şirkətin həm neft-qaz hasilatı, həm də bərpaolunan enerji sahəsində davamlı investisiya planlarından bəhs edib.
Birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunub. Bunun üçün ötən il dənizə yola salınan platformanın üzərində bu il ərzində 3 üst modulunun SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib quraşdırılması nəzərdə tutulur. Hasil olunacaq qazın nəqli “Neft Daşları” yatağı üzərindən layihələndirildiyinə görə, hazırda Neft Daşlarında müvafiq modifikasiya işləri davam etdirlir.
Görüşdə yatağın işlənməsinin növbəti mərhələləri ilə bağlı müxtəlif məsələlər də müzakirə olunub. Qarşıdakı mərhələlərdə gəlirliyi təmin etmək üçün ölkədaxili qaz tariflərində artımın məqbul vasitə olmadığını xüsusi vurğulayan R.Abdullayev layihənin effektivliyini təmin etmək üçün xərclərin azaldılması zərurətini qeyd edib. Görüşdə, həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri “SOCAR Absheron” (50 faiz) və “Total E&P Absheron” (50 faiz) şirkətləri arasında bərabər bölünüb.