“Günay Bank”ın ləğvi sual doğurur…” –EKSPERT ŞƏRHİ

Azərbaycan Mərkəzi Bankının (AMB) “Günay Bank”ın lisenziyasının ləğvi ilə bağlı qərarı müzakirələrə səbəb olub.

Maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov “APA-Economiks”ə deyib ki, bankın lisenziyasının ləğvi ilə bağlı əsaslandırmanı bir neçə əsas bankı çıxmaq şərti ilə bütün bazara aid etmək olar: “Məsələn, məndə olan məlumata görə, “Muğan Bank”ın kapital göstəriciləri daha pisdir. Problemli kreditləri daha çoxdur. Bəlkə daha pis vəziyyətdə olan banklar var”.

 

Əkrəm Həsənov qeyd edib ki, “Günay Bank”ın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib: ““Günay Bank” iyul ayının 5-nə səhmdarların ümumi yığıncağını keçirib, kapital artımına gedəcəyini açıqlamışdı. Bunu Mərkəzi Bank da bilirdi. Bu halda bankın lisenziyasını ləğvetmə qərarı özü sual doğurur”.

Bankda qalan şirkətlərin vəsaitləri və əməkhaqlarına gəlincə, ekspert bildirib ki, bu, növbəlilik əsasında həyata keçiriləcək: “Təyin olunacaq ləğvedici, yəni Əmanətlərin Sığortalanması Fondu əvvəlcə sığortaladığı vəsaitləri, yəni 38 milyon manatı və bununla bağlı xərclərini qarşılayacaq. Sonrakı mərhələdə bankdan əmək haqqı alan vətəndaşların vəsaitləri, bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri icra ediləcək. Hüquqi şəxslərin bankdakı vəsaitləri, o cümlədən sığortasız əmanətlərin taleyi isə sual altındadır. Ləğvetmədə olan banklarda vətəndaşlar illərdir ki, vəsaitlərini geri ala bilmirlər”.

Qeyd edək ki, AMB bu gün məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə, “Günay Bank”ın lisenziyasını 17 may 2023-cü il tarixindən etibarən ləğv etdiyini və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunduğunu açıqlayıb.

Əvvəlki məqalə

Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib –

Sonrakı məqalə

Azərbaycan və Ermənistan xarici işlər nazirləri nə vaxt görüşəcək?