Ermənistanda TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.

Azpost.info-nun məlumatına görə, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində bildirib.

“Dəmir yolunun tikintisinə birbaşa başlamaq üçün Sünikdə ərazini hazırlayırıq. İlkin parametrlər artıq mövcuddur. İlkin ekspert araşdırmaları göstərir ki, bu işlərin birgə həyata keçirilməsi xərcləri əhəmiyyətli dərəcədə azaldacaq və təşkilati baxımdan daha düzgün olacaq.

Hökumət artıq həm elektrik xətləri, həm də dəmir yolunun layihələndirilməsi ilə bağlı ilkin araşdırmalar sifariş edib. Yaxın aylarda bu araşdırmaların nəticələrini əldə edəcəyik. Beləliklə, 2027-ci il genişmiqyaslı tikinti ili olacaq və biz bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edəcəyik”, – deyə Kostanyan bildirib.

Onun sözlərinə görə, dəmir yolunun hansı marşrutla keçəcəyi artıq məlumdur. Hazırda ərazinin hazırlanması və gələn il birbaşa tikintiyə başlamaq üçün ilkin mühəndis işləri aparılır.

Nazir müavini Sünikdə hazırda ərazinin təmizlənməsi işlərinin görüldüyünü də qeyd edib.