Gürcüstan səfirliyi diplomatik əlaqələrin 30-cu ildönümü ilə bağlı qəbul təşkil edib-FOTO

Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Azpost.info xəbər verir ki, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze çıxış edərək iki ölkə arasındakı əlaqələrdən söz açıb,   xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini qeyd edib: “1991-ci ildə hər iki ölkə müstəqilliyini bərpa etdi və diplomatik münasibətlərin əsasını qoydu. Bu illər ərzində biz qarşılıqlı inam, hörmət əsasında qurulmuş strateji tərəfdaşlığı uğurla davam etdiririk. Hər iki ölkənin əraziləri işğal altında olub, biz hər zaman bu məsələdə bir-birimizi dəstəkləmişik”. Qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələrin region üçün həlledici amilə çevrildiyi deyən Z.Pataradze qeyd edib ki, strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb: “Hazırkı geosiyasi vəziyyət Cənubi Qafqazın əhəmiyyətini artırır. Regionumuzdan bir çox dəhlizlər keçir, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yol layihələri çərçivəsində Azərbaycan və Gürcüstan arasında uğurlu regional əməkdaşlıq davam edir”.

Azərbaycan hökuməti adından çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq, dostluq, strateji tərəfdaşlıq münasibətləri artıb, dərinləşib və bu gün də yüksələn xətlə inkişaf edir: “Dövlət başçılarının müəyyənləşdirdiyi kurs tərəfdaşlığımızın əsasını təşkil edir. Bu baxımdan 24 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri ilə əlaqələrimizin inkişafında yeni mərhələyə qədəm qoyduq. Ölkələrimiz ticari-iqtisadi, investisiya, kənd təsərrüfatı, nəqliyyat-tranzit, rabitə, turizm və digər sahələrdə əməkdaşlıq edir. Bu xüsusda ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsinə müsbət töhfəsini verir. Hər iki ölkənin birgə iştirak etdiyi layihələr təkcə ölkələrimizin deyil, həm də Avropanın və regionun enerji təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyətə malikdir”.


Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.4 milyard dollar, Gürcüstan isə 260 milyon dollar investisiya yatırıb. İndiyədək Gürcüstanda 3200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Ölkəmizdə müxtəlif sahələrdə 700-dən çox Gürcüstan şirkəti fəaliyyət göstərir. SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti iqtisadi əməkdaşlığımızın ən bariz nümunəsidir. Bununla belə, iqtisadi gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar var və bu potensialdan istifadə etmək məqsədilə birgə səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı olub.

Tədbir Gürcüstandan dəvət olunmuş sənətçilərin ifasıyla davam edib.

Azpost.info

 

 

 

 

 

 

 

Əvvəlki məqalə

İranda SEPAH-ın polkovniki öldürülüb

Sonrakı məqalə

“Daha yaş o yaş deyil, təzyiqi barədə də düşünsün…” –