Hansı rayonlarda nə qədər adam yaşayır? –Cəmi 50 nəfərin yaşadığı kəndlər hardadır? CƏDVƏL/ RƏSMİ

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda yaşayış məntəqələrinin bu ilin əvvəlinə olan demoqrafiq göstəricilərini açıqlayıb.

Ölkədəki 63 rayondan yalnız birinin – Xızı rayonunun əhalisi 20 min nəfərdən azdır. 13 rayonun əhalisi 20-50 min arasıdır. Əhalisi 50-100 min nəfər olan 20 rayon var. 29 rayonda isə 100 min nəfərdən çox sakin yaşayır. Başqa deyimlə, Azərbaycandakı rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var.

Ölkədə sayca ən çox yaşayış məntəqəsi kəndlərdir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda 4 min 246 kənd var. Qarabağ iqtisadi rayonundakı kəndlərin bəzisi Azərbaycanın nəzarətində olmadığından toplam 4 min 78 kəndin əhalisi haqqında bilgilər dərc edilib. Bu kəndlərdən 129-nun əhalisi 50 nəfərdən də azdır. Əhali sayı 50-100 nəfər arasında olan kəndlərin sayı 164-dür. Azərbaycanda əhalisi 5 min nəfərdən çox 97 kənd var.

Ən böyük respublika tabeli şəhərlər

Azərbaycanda 11 respublika tabeli şəhər var. Onlardan biri – Xankəndi şəhəri Azərbaycanın nəzarətində deyil. Statistik göstəricilərdən aydın olur ki, respublika tabeli şəhərlər arasında ən az əhalisi olan Naftalan şəhəridir.

Cədvəl: Respublika tabeli şəhərlərin 01.01.2022-ci ilə olan əhali sayı

  Şəhərlər Rəsmi əhali sayı
1 Bakı şəhəri 2 milyon 303 min
2 Sumqayıt şəhəri 346 min 800
3 Gəncə şəhəri 335 min 800
4 Mingəçevir şəhəri 106 min 600
5 Naxçıvan şəhəri 95 min 600
6 Şirvan şəhəri 88 min 200
7 Şəki şəhəri 65 min 800
8 Yevlax şəhəri 63 min 300
9 Lənkəran şəhəri 52 min 900
10 Naftalan şəhəri 10 min 300

Diqqətə yetirilən göstəricilər məhz rəsmi əhali sayını göstərir. Azərbaycanda özəlliklə Bakının gerçək əhali sayı daim dartışmalar doğurur. Rəsmi rəqəmlərə görə, paytaxtda 2 milyon 300 min nəfər yaşasa da, müxtəlif alternativ hesablamalar şəhərin real əhali sayının 3 milyon nəfəri aşdığını göstərir.

Ən çox və ən az əhalisi olan rayonlar

Azərbaycanda inzibati baxımdan 14 iqtisadi rayon var. İqtisadi rayonlardan biri – paytaxt Bakı ayrıca iqtisadi rayon sayılır. Digər 13 iqtisadi rayonun tərkibinə bir neçə rayon və şəhər daxildir. Ancaq maraqlıdır ki, bununla belə təkcə Bakıda yaşayanların sayı digər iqtisadi rayonların əhali sayını bir neçə dəfə qabaqlayır.

Cədvəl: 01.01.2022-ci il tarixinə iqtisadi rayonlar üzrə əhali sayı

  İqtisadi rayonlar Rəsmi əhali sayı
1 Bakı şəhəri 2 milyon 303 min
2 Lənkəran-Astara 959 min 400
3 Qarabağ 907 min 900
4 Mərkəzi Aran 743 min 200
5 Qazax-Tovuz 690 min 600
6 Şəki-Zaqatala 632 min 900
7 Gəncə-Daşkəsən 612 min 100
8 Abşeron-Xızı 579 min 900
9 Quba-Xaçmaz 561 min 800
10 Mil-Muğan 526 min 400
11 Şirvan-Salyan 504 min 300
12 Naxçıvan MR 463 min
13 Şərqi Zəngəzur 345 min 000
14 Dağlıq Şirvan 326 min 800

Respublika tabeli şəhərlər nəzərə alınmasa, ölkədə ən çox əhalisi olan ilk üç rayonun üçü də Lənkəran-Astara iqtisadi rayonundadır. Bu ilin əvvəlinə olan göstəriciyə görə, söhbət Lənkəran, Masallı və Cəlilabad rayonlarından gedir. Hazırda Lənkəran rayonunun 231 min 600 nəfər, Masallı rayonun 230 min, Cəlilabad rayonunsa 229 min 700 nəfər əhalisi var.

Cədvəl: 01.01.2022-ci il tarixinə ən çox əhalisi olan 10 rayon

  Rayonlar Rəsmi əhali sayı
1 Lənkəran rayonu 231 min 600
2 Masallı rayonu 230 min
3 Cəlilabad rayonu 229 min 700
4 Şəmkir rayonu 221 min 800
5 Abşeron rayonu 215 min 800
6 Ağdam rayonu 205 min 800
7 Şəki rayonu 189 min 700
8 Xaçmaz raynu 182 min 200
9 Sabirabad rayonu 181 min 800
10 Tovuz rayonu 179 min 200

Əhali baxımından ən kiçik rayonlara gəlincə, bu ilin əvvəlinə olan göstəricilərə görə, ölkədə ən az əhalisi olan rayon Xızıdır. Xızı rayonunun əhalisi cəmi 17 min 300 nəfərdir. Əhali sayı az olan digər rayonlar Sədərək (22 min 700), Şahbuz (25 min 300), Xocalı (29 min 100) və Kəngərlidir (33 min 100). Maraqlıdır ki, əhali sayı baxımından ən az göstəricisi olan ilk beş rayondan üçü Naxçıvan Muxtar Respublikasına daxildir.

Əvvəlki məqalə

Laçın dəhlizinə alternativ yolun fəaliyyətə başlayacağı tarix açıqlanıb

Sonrakı məqalə

FHN və DİN əkin yerini yandıranları cərimələyəcək –