“Heydər Əliyev dahi idi…Siz hələ çox islahatlara imza atacaqsınız” –RƏSUL QULİYEV PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK ETDİ

Milli Məclisin sabiq sədri Rəsul Quliyev YAP-ın 30 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevi təbrik edib.
Azpost.info bildirir ki, R.Quliyev bununla bağlı paylaşım edib.
Eks-spiker yazıb ki,  Prezident Heydər Əliyevin liderliyi ilə qurulmuş olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi qeyd edilməkdədir: “Bu münasibətlə Sizi – partiyanın bugünki lideri olaraq səmimi qəlbdən təbrik edir, Azərbaycanın şərəfli tarixində uğurlar arzulayıram”.
R.Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının qurulmasında onun da danılmaz rolu olub:
“1987-ci ildə hamı, o cümlədən Prezident Heydər Əliyevin zamanında yüksək vəzifəyə gətirdiyi insanlar H.Əliyevdən uzaq qaçanda mən H.Əliyevin dahi olduğunu və bu gün Azərbaycana lazım olduğunu hər yerdə hakimiyyətin ağır təhriklərinə, hədələrinə baxmayaraq açıq formada söyləyir və təbliğ edirdim. Rusiya tərəfindən hakimiyyətə gətirilmiş Vəzirov, ardınca Mütəllibov mənə qarşı terror aktları təşkil etsələr belə, mən bir addımda olsun Heydər Əliyevlə bağlı mövqeyimdən geri çəkilmədən əksinə onların üstünə getdim”.
Eks-spiker deyib ki, Heydər Əliyevin partiya yaratmaq ideyasını dəstəkləyib və hərtərəfli köməklik edib: “Heydər Əliyevin dövlətçilik üçün əhəmiyyətini dərk etməyənlər, onun Bakıya gələ bilməsindən təşvişə düşənlər (Mütəllibovdan sonra Xalq Cəbhəsinin dövlətçilikdən xəbərləri olmayan uşaqlarının) eyni uğursuz siyasəti 1993-cü ildə ölkədə siyasi böhran, vətəndaş qarşıdurması və hakimiyyətsizlik yaratmış oldu. H.Əliyevin məhz Bakıya gətirilməsindən sonra ölkədə sabitlik bərpa edildi, xalqa düşmənçilik edənlərə qarşı böyük təmizləmə siyasəti başladı”.
Onun sözlərinə görə, bu qətiyyətli siyasət 1994-cü il – Rusiya-Sürət Hüseynov qiyamı və 1995-ci il – Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin darmadağın edilməsi ilə başa çatdı: “Bu ağır, lakin şərəfli yolun davamı bugünki qüdrətli Azərbaycanımızı formalaşdırmış oldu. Heç bir zaman keçmişi unutmaq olmaz. Keçmişi olmayan xalqın nə bu günü, nə də gələcəyi olmaz. Keçmişdə ağır səhvlər buraxmış insanlara qarşı kin bəsləmək, qisas almaq lazım olmasa da yaddan çıxarmaq olmaz”.
“Hörmətli cənab Prezident,  Yeni Azərbaycan Partiyası heç şübhəsiz ki, məhz Heydər Əliyevin nüfuzunun fundamentində yaradılmış partiyadır. Hansıki indi də Sizin nüfuzunuza söykənib… Mən əminəm ki, Siz indiki nüfuzunuzdan istifadə edib Azərbaycanı inkişaf etdirəcək hələ çox islahatlara imza atmış olacaqsınız. Şəxsən mən buna əminəm”.
Bir daha Sizi, birinci Vitse-prezidenti, sizlərin timsalında bütövlüklə bu gün dövlətçiliyi inkişaf etdirməyə ürəkdən çalışan komandanızı təbrik edir, Sizə Azərbaycanın və Türk dünyasının dünyada inkişaf etdirilməsində mühüm uğurlar arzulayıram”.
Azpost.info
Əvvəlki məqalə

İran millisi dünya çempionatında öz ölkəsinin himnini oxumadı

Sonrakı məqalə

İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib –