Hökumətdən narazı olan 84 yaşlı “Qazan xan” –

SSRİ xalq artisti Həşim Qadoyev unudulduğunu deyir (FOTO)
01 Aprel 2021 - 14:48

Kulis.az aktyor SSRİ xalq artisti Həşim Qadoyev haqqında maraqlı faktları təqdim edir.

Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Qulyab şəhərində anadan olub. Aktyorluq fakültəsini bitirib və rejissorluq kurslarında təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir.

***

Aktyor karyerası boyunca Söhrab, Ferdinand, Hamlet, Xlestakov, İsmail Samani, Edip və s. rolları ifa edib.

Rejissor kimi isə bir çox tamaşaları, o cümlədən onlardan ən əsası olan “Edip”-i 100 dəfədən artıq səhnələşdirib. O, tacik və xarici rejissorların 50-dən artıq filmində çəkilib. Onun fəlsəfi düşüncələri “Çərxi qardun” həftəliyində 10 ildən artıq çap olunub. Həşim Qadoyev 11 kitabın – “Rozho”, “Asso”, “Tanho”, “Əndişaho”, “Mən!?”, “Kunc”, “Kometalar”, “Donbuz”, “Ku”, “Düşüncələr”, “Mənim Söhrabım”ın müəllifidir. Kitabları rekord sayda – 100 cilddən çox nəşr olunub.

***

Söhrab rolunu yaradarkən Həşim Qadoyev “rola daxil olmaq” üçün qədim ədəbiyyatı, memarlığı, heykəltəraşlığı, Firdovsi dövrünü, qədim sikkələri öyrənir, özündən geyimlər fikirləşir, idmanla məşğul olub əzələlərini artırır, əlini, qolunu bərkidir. Bu cəfakeşlik öz bəhrəsini verir – teatr tənqidçiləri tamaşa haqqında müsbət fikirlər səsləndirərək, aktyor oyununa yaxşı qiymət verirlər.

***

“Rüstəm və Söhrab” filmi bu günə qədər Sovet dövrünün ən yaxşı tacik filmi hesab olunur. Keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi tacik aktyor Həşim Qadoyevin və onun tərəf müqabilinin “Rüstəm və Zöhrab” tamaşasındakı oyunundan elə təsirlənir ki, ağlayaraq huşunu itirir.

Qadoyev 1973-cü ildə “Rüstəm və Söhrab” filmindəki Söhrab roluna görə Rudaki adına Tacikistan SSR Dövlət mükafatına layiq görülüb. 1979-cu ildə Tacikistanın Xalq artisti, 1987-ci ildə SSRİ Dövlət mükafatı laureatı və 1988-cu ildə SSRİ xalq artisti fəxri adlarını layiq görülüb.

***

Həşim Qadoyevin çəkildiyi filmlər sırasında Azərbaycan rejissorlarının ekranlaşdırdığı 4 film yer alır. Tacik aktyor təkcə bizim “Dədə Qorqud” filminə çəkilməyib. O, 1982-ci ildə “Məlikməmmədin nağılı” adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmiş “Əzablı yollarla” filmində Qarayel rolunu oynayıb. Rejisor Tofiq İsmayılovun bu filmi Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-da nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi.

Amma onu azərbaycanlı tamaşaçıya sevdirən ən məşhur rolu Qazan xan olub. Deyilənə görə Azərbaycan filmlərinə çəkilərkən Qadoyevin cəsarətli olması və rejissorun hər tapşırığını yerinə yetirməsi yerli aktyorlar arasında narazılıqlara səbəb olub. Hətta həmin aktyorlar xarici aktyoru filmə çəkdikləri üçün Tofiq Tağızadəyə, Tofiq İsmayılova və Ənvər Əbluca irad tuturlar.

***

Lakin, Azərbaycanlı tamaşaçılar onun filmlərədki rollarından o qədər təsirlənirlər ki, minnətdarlıq əlaməti olaraq Bakı yaxınlığındakı bulağa Həşim Qadoyev adını verirlər.

Olduqca məshuldar və zəhmətkeş olan aktyor müsahibələrinin birində deyir: “Sənətdə Qaqarin idim. İnsanlar üçün kiçik bir günəş olmağı xəyal edirdim. Nə sağlamlığımı, nə ayaqlarımı, nə də əllərimi əsirgəmədən özümü yandırdım. Həm teatrda, həm də filmlərdə çox çalışdım. Film çəkilişi zamanı barmaqlarımı qılıncla qırdılar, “Rüstəm və Söhrab” filmində isə qaşımı ox ilə vurdular, sonra tikdilər və barmaqlarımı gipsə qoydular. Bu günə qədər heç bir lüksüm yoxdur. Avtomobilim, hətta adi velosipedim də yoxdur.”

***

Səksən dörd yaşlı aktyor hal-hazırda Tacikstanın paytaxtı Düşənbə şəhərində yaşayır. Bir müddət əvvəl o, kasıblıqdan əziyyət çəkdiyi üçün öz kitablarını satmağa başlayır. Onun küçələrdə kitab satması barədə xəbərləri ictimaiyyət arasında böyük səs-küyə səbəb olur. Pərəstişkarları onunla görüş keçirərək maddi yardım göstərirlər.

Aktyor ahıl yaşında ona qarşı olan diqqətsizlikdən şikayət edərək deyir: “Bütün yetkin həyatımı teatr və kinoya həsr etdim. Tacik sənətinin şöhrəti üçün gecə-gündüz çalışdım. Hələ də daha çox işləmək üçün güc və enerjim var. Lakin dayandırıldım. Mənə dedilər ki, dincəlməyin vaxtı gəldi. Hətta İncəsənət İnstitutuna qədər yolumu da bağladılar, burada böyük təcrübəmi tələbələrlə bölüşürdüm. İndi, mən, SSRİ Xalq Artisti, Tacikistanın Xalq Artisti, Fəxri Elmlər Doktoru, Sənət professoru Kral Lir kimi bohem evimdən qovuldum. Bu gün – mən quruya düşmüş balıq kimiyəm. Bütün gücümlə suya çatmağa çalışıram – amma bacarmıram. Heç kim mənə kömək etmir. Hər il yalnız ad günüm ərəfəsində məni xatırlayırlar, tələsik təriflər yazır, rollarımı göstərir, nə qədər böyük sənətkar olduğumu söyləyirlər. Vəssalam”.