“İcarədarları itirmişik, brend mallar gəlmir…Atama deyəcəyəm qərar versin!” –Emin Ağalarov

Beynəlxalq geyim şirkətləri Rusiya bazarından gedəndən sonra “Crocus Group”un ticarət mərkəzləri itki ilə üzləşib.

Azpost.info xəbər verir ki, bunu Qrupun birinci vitse-prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, vəziyyət dəyişməsə, ticarət mərkəzləri tezliklə müştəri axınını tamamilə itirəcək.

Ağalarov bildirib ki, lüks malların ən böyük satıcılarından olan “Crocus City Mall” və “Crocus Group”un bir hissəsi olan “Vegas” ticarət və əyləncə mərkəzləri şəbəkəsi icarədarlarının 30 faizindən məhrum olub: “Ən böyük beynəlxalq mağaza operatorları Rusiyanı tərk etmək qərarına gəlsələr və mağazalarını həmişəlik bağlasalar, onları başqa icarədarlarla əvəz etmək mümkün olmayacaq. Bu pərakəndə satış məntəqələri “Crocus”da təxminən 150-200 min kvadratmetr ərazini tutur”.

“Əgər dəbdəbəli ticarət mərkəziniz varsa, sizə “Prada”, “Chanel”, “Louis Vuitton” lazımdır. Əgər orta kateqoriyadırsa, “Zara”, “H&M”, “Reebok”, “Adidas” olmalıdır”, – Ağalarov izah edir.

Dediyinə görə, lüks seqmentdə bəzi pərakəndə satıcılar yaz-yay kolleksiyalarını əldə edə bilməyiblər: ““Crocus City Mall” lüks brendlərdən asılıdır. Çoxu bağlanıb, kolleksiyası olanlar işləyir. Problem ondadır ki, yeni mövsümdə hamıda yeni kolleksiyalar yoxdur. Bu da o deməkdir ki, may ayında butikdə “dublyonka” və xəz çəkmələr asılır. Bəzi icarədarlar “Crocus Group”dan mağazaları bağlamaq və vəziyyət aydınlaşana qədər yalnız texniki xidmət haqqını ödəmək üçün icazə istəyiblər”.

Emin Ağalarov brendlərlə bağlı vəziyyətin normallaşacağına ümid edir: “Hələlik ticarət mərkəzlərini doldurmaq üçün hazır variantlar yoxdur və Qrup gözləmə rejimindədir. Olmasa, sahibinə (Araz Ağalarov-red) gedib deyəcəyəm – “Bizim bir milyon kvadratmetrimiz var ki, daha icarəyə verə bilmirik. Nə edək?”. Qərarı o versin. Bəlkə dünyanın ən böyük boulinq mərkəzini və ya anbarını quracağıq, bilmirəm”. Qeyd edək ki, bir çox xarici geyim və ayaqqabı satıcıları, xüsusən də H&M Group, “Zara”, “Pull & Bear”, “Stradivarius”, “Bershka”, “Massimo Dutti”, “Oysho”, “Louis Vuitton”, “Dior”, “Fendi”, “Givenchy”, “Tiffany & Co” və s. Rusiyada fəaliyyətini dayandırıb.

Azpost.info

Əvvəlki məqalə

SOCAR Tayvana ilk dəfə karbondan təmizlənmiş xam neft göndərib

Sonrakı məqalə

Avropa Şurası Baş katibinin müavini Şeyxülislama məktub göndərib