İndiyədək “ASAN xidmət” mərkəzlərinə daxil olmuş vətəndaş müraciətlərinin sayı- AÇIQLANDI

Hazırda ölkə ərazisində 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Yaxın günlərdə 27-ci “ASAN xidmət” mərkəzi Lənkəranda açılacaq.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

O bildirib ki, indiyədək “ASAN xidmət” mərkəzlərinə təxminən 8 milyon 900 minə qədər vətəndaşın 70 milyona yaxın müraciəti daxil olub.

“Fəxrlə deyə bilərik ki, “ASAN xidmət” konsepsiyası ölkəmizin brendidir. Həmin innovativ məhsulumuz tək ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Bir çox nüfuzlu təşkilatlar tərəfindən mükafatlara layiq görülmüşük.

2015-ci ildə “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri mükafatına layiq görüldü. 2019-cu ildə isə BMT-nin Rəqəmsal İdarəetmənin tətbiqi ilə Dövlət Xidmətlərinin inkişafı sahəsində mükafatı aldı.

“ASAN xidmət” 2023-cü il fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçildi və xüsusi mükafata layiq görüldü”, – deyə C.Salmanov fikirlərinə bildirib.

Sədr müavini vurğulayıb ki, ASAN xidmət təcrübəsi beynəlxalq aləmdə müxtəlif dövlətlər tərəfindən tətbiq olunur: “Hazırda İndoneziya, Özbəkistan, Uqanda və Əfqanıstanda həmin konsepsiya tətbiq olunur, Qırğız Respublikası, Tacikistan, Efiopoya və Moldovada da bu konsepsiyanın tətbiqi ilə bağlı işlər aparılır. Bir çox beynəlxalq təşkilatlar “ASAN xidmət”i ən yaxşı təcrübə kimi öz ölkələrinə tövsiyə kimi irəli sürüblər. Bu, həqiqətən də ölkəmizin bir uğurudur ki, Azərbaycanda yaradılan bir brend dünyanın müxtəlif ölkələrində Azərbaycanın adı ilə təqdim olunur və insanlara xidmət göstərilir. Bundan əlavə, ölkə daxilində “ASAN xidmət” böyük dəyişikliyə, inkişafa səbəb oldu. “ASAN xidmət” xidmətlərin göstərilməsi sahəsində yeni yanaşmalar gətirdi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşma ortaya qoydu. Təsadüfi deyil ki, bir neçə il əvvəl ölkə rəhbərinin müvafiq Fərmanına uyğun olaraq bir sıra dövlət qurumlarında “ASAN xidmət” konsepsiyasına uyğun xidmətlərin tətbiq edilməsinə başlanıldı. Bu gün “ASAN xidməti”n uğuru ondan ibarətdir ki, orta statistik vətəndaşın, hansısa şirkət rəhbərinin və ya rəhbər vəzifəli şəxsin gələrək eyni xidmət aldığının şahidi oluruq. Onların hər biri eyni səviyyədə xidmət alır və heç bir problemlə üzləşmir. Bu gün ASAN xidmətdən məmnunluq səviyyəsi 99,8 faizdir. Həmin uğurun əsas səbəbi ölkə rəhbərinin davamlı dəstəyi və “ASAN xidmət” əməkdaşlarının birgə əlaqələndirilmiş şəkildə fəaliyyətidir”(azərtac).

Əvvəlki məqalə

Güclü küləkdə xəsarət alan kişinin vəziyyəti ağır olaraq qalır

Sonrakı məqalə

“Aeroflot”un daha bir təyyarəsi xarab oldu