“Statistika Komitəsi bu ilin 3 ayı üzrə xarici ticarətlə bağlı qiymət indekslərini açıqlayıb. İdxal malları üzrə qiymətlər ötən ilin 3 ayına nisbəyən 20% artıb. Əsas məhsul seqmentləri üzrə istehlakının yarısından çoxu xaricdən formalaşan ölkədə 20%-lik idxal bahalanması o deməkdir ki, inflyasiya insanların cibini soğan kimi soyur”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev rəsmi məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, qiymətlərin belə yüksək artımı vergi tutulan dövriyyəni də şişirdir, hökumət də vergi artımlarını inflyasiyanı ayağına yazmadan özünün uğurlu iqtisadi siyasətinin nəticələri kimi gen-bol təbliğ edir: “Ayrı-ayrı mal qrupları üzrə idxal inflyasiyanın səviyyəsi daha yüksəkdir. Məsələn, idxal qiymət indeksi heyvan mənşəli mal qrupu üzrə 33%-ə yaxın artıb. Ən az artım nəqliyyat vasitələrindədir – cəmi 6.5%. Nəqliyyat vasitələrindən vergitutma mexanizmi də elə qurulub ki, orda həmişə uduş var: gətirdiyin avtomobilin az qala 60%-ni Azərbaycan gömrüyünə ödəməlisən. Bir tərəfdə insanların cibini boşaldan inflyasiya o biri tərəfdə büdcəni də doldurur…”-deyə ekspert bildirib.