“İsdən çıxarılmağımız barədə xəbərlər yalandır” –Xalq artisti Səidə Quliyeva müraciət etdi

Son günlər mətbuatda Akademik Milli Dram Teatrının bir neçə aktyorunun işdən uzaqlaşdırılması ilə bağlı yalnış fikirlər dolaşır. Mətbuat və televiziyada yayılan xəbərlərdə adı hallanan sənətkarlardan biri də Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Prezident təqaüdçüsü Səidə Quliyevadır.

Yayılan yalnış xəbərlərdən narahat olan Səidə Quliyeva “Azpost.info” saytına özəl açıqlama verib.

Xalq artisti Səidə Quliyevanın mətbuata açıqlamasını təqdim edirik:

“Əziz oxucular, məni sevən qiymətli tamaşaçılarım. Bir müddətdir haqqımda yayılan xəbərləri eşidib, susurdum. Nəhayət qərara gəldim ki, bu dəfə susmaq olmaz. Ona görə də bu dəfə doğma tamaşaçılarıma, oxucularıma səsimi çatdırmaq istəyirəm.

Son günlər mətbuatda mənim haqqımda yayılan, bəzi jurnalistlərin söylədiyi əsassız fikirlərə münasibət bildirməyi özümə borc bilirəm.

Mətbuatda xəbərlər yayılıb ki, Akademik Milli Dram Teatrının bir neçə aktyorunu isdən çıxarıblar. Bu fikir kökündən yalnışdır. Nəinki yalnış fikirdir, hətta belə bir məsələ gündəmdə olmayıb. Mən, 45 ildir Akademik Milli Dram Teatrında çalışıram. Bu gün də teatrın səhnəsində nümayiş edilən tamaşalarda, daha dəqiqi  cari reperuarın üç tamaşasında çıxış edirəm. Məni sevən və mənim də sevdiyim kollektivim, iş yoldaşlarım var. Teatrımızın direktoru Azərpaşa Nemətov bu günə qədər heç kimi teatrdan uzaqlaşdırmayıb.

Yayılan xəbərlərdə adları çəkilən Xalq artistləri, Hacı İsmayılov,  Rafiq Əzimov, Ramiz Məlik, Əli Nur və başqaları da Akademik Milli Dram Teatrının səhnəsində nümayiş edilən tamaşalarda müxtəlif obrazlar ifa edir, bu gün də teatrdakı fəaliyyətlərini davam etdirirlər. Allah, sənət yoldaşlarımın canlarını sağ etsin. Allahın verdiyi ömrü bəhrəli yaşasınlar.

Mənim təqaüd yaşım hələ çatmayıb. Ona görə bir nəfərin mənim adımı səhv çəkməyi, mənim həyatımı, “jurnalistlər”in dilinə saldı və adımın ətrafında qalmaqal yarandı. Bu hal, mənim  əsəblərimə çox toxundu.

Əziz tamaşaçılarım və oxucularım!

Sizlərə bildirmək istəyirəm ki, bu gün də Akademik Milli Dram Teatrında çalışıram. Tamaşalarda çıxış edirəm. Sevimli tamaşaçılarımı teatrımızın səhnəsində nümayiş edilən, mənim iştirak etdiyim əsərlərə baxmağa dəvət edirəm. Mənim üçün narahat olan hər kəsə bildirmək istəyirəm ki, mənə qarşı münasibət çox gözəldir.

Müraciətimin sonunda fürsətdən istifadə edib, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əziz tamaşaçılarımı təbrik edirəm. Məni sevən tamaşaçılarıma, həyatda ən gözəl nemət olan can sağlığı, ruzi-bərəkət  arzulayıram. Arzu edirəm ki, yeni ildə ürəyinizdə olan bütün arzularınız çin olsun. Sonda, üzümü yalnış xəbərlər yayıb, qarşı tərəfin mövqeyini öyrənmədən dərc edən jurnalistlərə tuturam. Xahiş edirəm ki, bizim haqqımızda əsassız xəbərlər yazmazdan əvvəl, qarşı tərəfin fikirləri ilə maraqlansınlar. Bizim mövqeyimizi soruşub, daha sonra suallarını ünvanlasınlar. Suallarına dəqiq cavab aldıqdan sonra məqalələrini dərc etsinlər. Xəbər xatirinə, yalnış məlumatlar yayıb, oxucuları, tamaşaçıları çaşdırmasınlar.

Mən, Səidə Quliyeva-Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü-hər kəsə bildirmək istəyirəm ki, bu gün də teatrda çalışıram və həyatımı  səhnədən kənarda təsəvvür etmirəm.

Dəyərli vaxtınızı ayırıb, mənim fikirlərimə diqqət yetirdiyiniz üçün hər kəsə təsəkkür edirəm”.

Ülviyyə Həsənqızı

Azpost.info

 

 

 

Əvvəlki məqalə

“Bu testlərdən Eynşteyn də keçə bilməz” –

Sonrakı məqalə

Sülhməramlı yolkəsənlərin qatarları hansı istiqamətədir?