İslam – İranın təbliğ etdiyi din deyil

 İnsanın yalnız bir universal dinə iman gətirməsi mümkündür, o da tək olan Allaha sidq ilə inam. Daxilində ziddiyyətlər olmadıqda, bu sadiqlik ölkəyə və insanlığa sədaqəti özündə ehtiva edir. Eləcə də, Allaha bağlılıq çox vaxt müxtəlif təzahürlərin baş qaldırmasını aradan götürür.

Mən müsəlman ailəsində dünyaya göz açdım. Dərk etdiyim andan varisliyə inanıb islam oldum. Əgər bu dinin mənim əxlaqi dəyərlərimlə və mənəvi inkişafımla üst-üstə düşmədiyini görsəydim, özümdə güc tapıb onu rədd edərdim. Amma yetkin düşüncə ilə aşkarladım ki, bu, mənim tanıdığım dinlər arasında ən dözümlüsüdür, çünki ona qəlbən inananlara özünü ifadə etmək üçün kifayət qədər sərbəstlik verir. İslam təkcə öz davamçılarına başqalarının dininə hörmət etməyi deyil, həm də orada olan ən yaxşı cəhətləri götürmək imkanı verir. Çətin anlarımda, nə edəcəyimi bilməyəndə ona sığınmışam. Bu inanc yetkin yaşlarımdan bu günə kimi məni inandırıb ki, həyatımda, eləcə də dünyada nə baş veribsə və bundan sonra nə olacaqsa, Allahın iradəsi ilə tənzimlənir…

Bəzən dostlarım məndən soruşur, sən Allahı necə təsəvvür edirsən. Deyirəm ki, Allah təsəvvür edilməzdir. Allah müəyyən edilməsi mümkün olmayan Ruhdur. Biz Onu duyuruq, hiss edirik, lakin ağlımızla dərk edə bilmirik. Mənim üçün Allah – Həqiqət və Məhəbbətdir. Allah – Etika və Mənəviyyatdır. Allah – Cəsarət və Mərdlikdir. Allah – həyatın və işığın Mənbəyidir, bütün təzahürlərdən Ucadır. Allah – Vicdandır. O, nitqimizdə və ağılımızda Ucalır. Allah o kəslərin Allahıdır ki, Ona çatmağa, Ona toxunmağa can atır. Allah – tərtəmiz Mahiyyətdir. O, sadəcə olaraq iman sahiblərinin qəlbindədir. O Əbədi Cəfakeşdir, Səbirlidir, O, sizin tanıdığınız demokratlardan sonsuz qədər Böyük Demokratdır. Bununla yanaşı, O, bütün ciddiyyəti ilə cəzalandırandır. Onun cəza metodu daimidir. Biz yoxuq, yalnız O var!… Bilin ki dünyada ən zəngin məzmuna malik söz – ALLAH, bizim hər birimiz üçün eyni deyil. İnsanın biliyindən və təcrübəsindən asılı olaraq Onun məzmunu dəyişir.

Məlumdur ki, insan təfəkkürü və düşüncəsi o dərəcədə deyil ki, zaman-zaman Allah tərəfindən bizə göndərilən işarə, rəmz və əlamətləri dərk etsin. Hazırda bəşəriyyət yuxudadır. Bu qəflət yuxusundan ayılmaq üçün gərəkdir ki, qulağımızın dibində arasıkəsilməz təbillər döyülsün. Bəlkə bəşəriyyət ayıldı. Ayılanlar sonda bu qənaətə gələcək ki, özünü tapmağın yeganə üsulu özünü itirməklə Allaha qovuşmaqdır…

Allah – çox ciddi Nəzarətçidir. Onu yalanla, qeyri-səmimi, nümayişkaranə “inamla” aldada bilməzsən. Onun durmadan işləyən dəyirmanı çox asta, lakin çox incə üyüdür. Onu yetişməyən və tez dərilən meyvə ilə razı sala bilməzsən. O təmiz qurban tələb edir. Odur ki, siz də, mən də bu məşəqqətli yolda onun təyin etdiyi ömrü sidq-inamla yaşayaraq Ona qovuşa bilərik…

Mən Allahı qəlbimdə görəndən sonra tanıyıb səmimi inamımla özümü Ona təslim etmişəm. Belə ki, inamı təkcə təcrübə ilə bağlamaq da düzgün olmazdı. Ən yaxşısı, belə deyə bilərəm; mənim Allaha olan inamımı ifadə etmək üçün söz acizdir və yaxud, sözüm yoxdur. Allahı heç olmasa təxmini təsvir etməyə belə insanların dili qadir deyil. Belə ki, əgər hər hansı bir Allah bəndəsi cəsarət edib bu işə baş qoşmaq istəsə, başqa bir vasitə düşünüb tapmalıdır, çünki bizim aydın olmayan dilimizin və ağlımızın qüdrəti buna çatmaz.

Dünya yaranışdan qeyri-müəyyən sirli qüvvələrə bələnib. Mən onu görməsəm də, onu hiss edirəm. Bu görünməz qüvvə bizi məcbur edir ki, onu hiss edək, lakin onu yoxlamaq, nəyisə isbat etmək mümkün deyil. Belə ki, o maddi deyil, hiss orqanlarımıza da onu duymaq imkanı verilməyib. Bu qüvvə bizim düşüncəmizdən qat-qat yüksəkdə dayanır. Lakin, az da olsa, biz bəsirət gözü ilə Allahın varlığını görə bilərik… Bizi əhatə edən nə varsa, daima dəyişir və yox olur. Bütün bunlar İlahi qüvvə tərəfindən yerinə yetirilir. Bu qüvvə dəyişməzdir, Kainatın bütövlüyünü saxlayaraq yaradır, məhv edir və başqa bir şəkildə yenidən yaradır. Allah bütün bunları formalaşdıran Qüvvə və ya Ruhdur. Bu üzdən məndə qəti bir inam yarandı, heç nə dəyişməz və əbədi ola bilməz. Bu nəticəyə gəlirəm ki, əbədi olan yalnız Odur. Bu qüvvə bizə nə gətirir – səadət, yoxsa bədbəxtlik? Görürəm ki, O bizə yalnız səadət bəxş edir, çünki ölümün özündə də həyat var. Yalan aləminin özündə həqiqət, qaranlığın özündə də işıq var. Buradan bir nəticə hasil olur – Həyat, Məhəbbət, Həqiqət və İşıq – Allahın özüdür. O, ilahi qüvvənin fövqündə durur.

Hər kəs “Allah” sözünü özü bildiyi kimi izah etməkdə azaddır. Biz bunu lazım gələndə, məcbur olanda edirik. Belə ki, Allah təkcə ən kiçik olan Yer kürəsini deyil, milyonlarla yer kimi şarları tənzimləyən və idarə edən kainatın yaradıcısıdır. Təəssüf ki, bəşəriyyət Onun böyüklüyünü dərk etmək üçün sonsuz məhəbbətə və dözülməz cəfalara hazır deyil.

Deyəndə ki, Allah – Sevgidir, mən də deyirəm, bəli, elədir. Amma qəlbimin dərinliyində həmişə belə hesab etmişəm ki, Allah – Həqiqətdir… Mən bir qədər də irəli gedib özüm-özümə deyirəm, Həqiqət – Allahdır. Əgər siz istəsəniz ki, Həqiqəti Allah kimi tapasınız, onda bunun üçün yeganə vasitə məhəbbətdir, yəni sevgidir. Mən inanıram ki, nəticə etibarı ilə məqsəd və vasitənin yerini dəyişmək olar. Bu zaman mən tərəddüd etmədən deyirəm; bəli, Allah – Məhəbbətdir.

Kamillik yalnız Yaradana məxsusdur, amma, buna baxmayaraq, O necə də Demokratdır! O, necə də səbirlə bizim açıq-aşkar yalanlarımıza, eyib və nöqsanlarımıza dözür! Bizi əhatə edən atom zərrəciklərinin daxilində mövcud olduğu halda, özünün yaratdığı kiçik, miskin canlıların cəsarət edərək Onun varlığını şübhə altına almasına da dözür! Bununla yanaşı, Onun varlığını bəyan edən adamları özü seçir. Bu Uca varlığın əli, ayağı və digər əzaları yoxdur, amma varlığını bəyan etməyə icazə verdiyi adamlar Onu görür. Bəli, elədir… Allaha istənilən müqəddəs adı verə bilərsən. Təki o ad təbiətin canlı qanunlarını ifadə edə bilsin. Belə ki mən müşahidə edə bilmədiyim, lakin hər yerdə mövcud olan İlahi qüvvəyə inanıram. O, insan taleyini idarə edir. Onu Allah və ya başqa adla adlandırmaq bəndənin ixtiyarında olan məsələdir.

Nəhayət, demək istədiyim budur ki, İslam İran mollalarının təbliğ etdiyi din deyil.

Bu məsələ Azərbaycan xalqına və dövlətinə yaxşı məlum olsa da, biz çox zaman dostluq, qardaşlıq, qonşuluq münasibətləri naminə susmuş, odun üzərinə yağ yox, su tökməyə çalışmışıq. Dövlətimiz də hər zaman münasibətləri mülayimləşdirmək yolu tutub, bu yöndə səylərini əsirgəməyib. Müsəlman İranın xristian və təcavüzkar Ermənistanla mehriban qardaşlıq münasibətləri Azərbaycanda hər zaman haqlı narazılıq doğurub, müxtəlif səviyyələrdə ifşa olunub, cəmiyyət, xalqımız öz prinsipial mövqeyini ortaya qoyub, ancaq dövlətimiz dinc yanaşı yaşamaq, münasibətləri gərginləşdirməmək prinsipindən çıxış edərək, məsələləri diplomatik üsullarla yoluna qoymaq xətti tutub.

Əlbəttə, ümid edirdik ki, İran heç olmasa, beynəlxalq hüquqa hörmət qoyar, işğaldan azad olunan torpaqlarda Azərbaycanın suverenliyinə sayğı ilə yanaşar və əvvəlki qanunsuz əməllərindən əl çəkər. Ancaq bu da olmadı. Belə çıxır ki, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdiyi torpaqlarında hər hansı fəaliyyəti həyata keçirmək, yəni öz ərazisində hərbi təlim keçirmək, yaxud ərazisindən keçən magistral yola (Gorus-Qafan yolu) nəzarət etmək, yük daşıyan maşınları yoxlamaq üçün İrandan icazə almalı imiş. Üzr istəyirəm, ancaq bu normal sivil dövlətə yox, quldur dəstəsinə, terror təşkilatına yaraşan bir davranışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç kəs Azərbaycan dövləti ilə bu dildə danışa bilməz. Bunu hər kəs, o cümlədən, İran birdəfəlik qulağında sırğa etməlidir.

İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb, ancaq hər zaman onunla hesablaşmaq zorunda qalıb. Azərbaycanın müstəqilliyini sözdə tanıyan, Qarabağ münaqişəsində bizə sözdə dəstək verən, üzdə bəzi humanitar yardımlar edən İran əslində qəlbən hər zaman Ermənistanın yanında olub. Azərbaycanın qaçqın düşərgələrində məskunlaşan insanlara hansısa xırda yardımlar edibsə də, bunu hər zaman ideoloji qılafda təqdim edib. Azərbaycan vətəndaşlarını müxtəlif vasitələr, öz molla emissarları vasitəsilə ələ almağa çalışıb. Vətəndaşlarımıza Azərbaycanın tarixi İran ərazisi olduğu təlqin və təbliğ olunub, Azərbaycanın müstəqillik perspektivini şübhə altına alan ideoloji iş aparılıb. İran bunlarla paralel olaraq Ermənistanla sıx siyasi-iqtisadi əlaqələr qurub, ermənilərə azərbaycanlılardan qat-qat çox yardım göstərib.

Bütün bunlar öz yerində, amma ən təhlükəlisi İranın Azərbaycanda fəal surətdə həyata keçirdiyi dini missiya, din, məzhəb pərdəsi altında apardığı ideoloji təxribatdır. Heç kəsə sirr deyil, əgər İran dövləti üçün İslam dini, müsəlman təəssübkeşliyi prioritet olsaydı, onlar qardaşlarının torpağını işğal edən xristian ermənilərlə bu dərəcədə can bir qəlbdə olmazdılar. İkincisi, İran ayətullalarının, üləmalarının, mollalarının təbliğ etdiyi şiəliyin sırf fars millətçiliyinə, hətta şovinizminə xidmət etdiyi gün kimi aydındır. İranda qeyri-farslara, xüsusilə türklərə qarşı uzun illərdir dövlət səviyyəsində aparılan irqçilik, ksenofobiya siyasəti bütün dünyaya məlumdur. 40 milyonluq millətin dilində normal məktəb, qəzet və jurnal, televiziya və radionun olmamağı açıq-aşkar assimilyasiya siyasətidir. Əslində ölkə əhalisinin yarısını təşkil edən azərbaycanlıların (türklərin) ana dilinə İranda ikinci dövlət dili statusu verilməlidir, ancaq fars-molla rejimi Azərbaycan (türk) dilinin loru səviyyədə qalması, ədəbi dil səviyyəsinə yüksəlməməyi üçün əlindən gələn hər şeyi edir. Onlar bunu təkcə İranda, cənubi Azərbaycanda etməklə kifayətlənmir, fəal surətdə Azərbaycan Respublikasına sızmağa da çalışırlar.

İran mollakratiyası, xüsusi xidmətləri, agenturası Azərbaycanın müstəqilliyindən üzü bu yana burada fəal surətdə işləyir, açıq və gizli fəaliyyətlə məşğul olurlar. Bu fəaliyyətin bir neçə istiqamətini qeyd etmək olar. Əvvəla, İranın müxtəlif şəhərlərində, xüsusilə Qumda ruhani təhsilə cəlb olunan gənclərimizin beyni yuyulur, onlardan iranpərəst molla-missionerlər hazırlanır. Onlar xalq arasında, yas məclislərində müxtəlif xarakterli təbliğatla məşğul olurlar. Burada mühüm məqamlardan biri də odur ki, həmin fəaliyyət, yəni mollalıq yaxşı gəlir gətirən sahədir. İran bu insanlara dini təhsil verməklə bir gülləyə iki dovşan vurur. Mollalar da öz növbəsində həm xalqın beynini yuyur, həm də onu soyaraq, pul qazanırlar. Digər bir istiqamət İranın Azərbaycanda müxtəlif istehsal və ticarət şəbəkələri yaradıb, ölkə vətəndaşlarını işə cəlb etməsidir. Həmin müəssisələr, təbii ki, insanları təkcə işlə təmin etmir və hər adamı da işə götürmür. Daha asan “bişən” potensial namizədləri cəlb edir, qısa müddətdə qatı şiə, yəni İran təəssübkeşinə çevirirlər. Bu zaman sosial durumu, ehtiyacı, hətta regionu belə nəzərə alırlar. Bu yolla çox zaman səmimi inanc sahiblərinin saf duyğuları da istismar olunur. Üçüncü yol İnternet, media, sosial şəbəkələrdir. Konkret faktlara malik olmasam da, İran kəşfiyyatının bu sahəyə maliyyə ayırdığına, bəzi vətəndaşlarımızı bu xətlə ələ aldığına dair məlumatlar dolaşır.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, İran Azərbaycanda azsaylı da olsa, müəyyən ümid bəslədiyi bir kontingent yarada bilib. Ruhani liderlərin bu məsələdə ehiyatlı davranmasının bir səbəbi də həmin kontingentin potensial siyasi dəstəyini itirmələri ola bilər. Ancaq ortaya qəti mövqe qoymayanlarda daha ciddi və konkret səbəblərin (ticarət, biznes, qohumluq və s.) olduğu da ehtimal olunur.

Ayıq SƏMƏDOV

 

 

 

 

Əvvəlki məqalə

“Rusiya qüvvələrini zəif hesab edərək səhv etməməliyik” –

Sonrakı məqalə

“Terror aktının arxasında duranlar cavab verəcəklər” –