KƏNDDƏ “ZİBİL MƏSƏLƏSİ” –Məişət  tullantılarının daşınmasını pullu etmək olar?

Kənd yerlərində məişət tullantılarının idarə edilməsi problemləri həll olunmamış qalmaqdadır. Şəhər  və rayon mərkəzlərindən fərqli olaraq kəndlərdə daşınma xidmətləri ya yoxdur, ya da natamamdır.

Əksər kəndlərdə tullantıların daşınması işini bələdiyyələr həyata keçirir. Ancaq ölkədə bələdiyyə institutunun zəif inkişaf etməsi və maliyyə imkanlarının aşağı olması səbəbindən bu qurumlarının büdcələrinin tullantıların daşınmasına kifayət etmir. Ona görə də yerli özünüidarə qurumları ən yaxşı halda tullantıları ya toplayıb yandırmaqla, ya da iri çalalara doldurub torpaq altında basdırmaqla işlərini bitmiş hesab edirlər.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini (İTYİB) ekspertləri bu nəticəyə Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində (“Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” layihəsi) kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi vəziyyətini araşdırarkən gəliblər. Araşdırmanın nəticəsi göstərib ki, kənd yerlərində məişət tullantılarının idarə edilməsi sistemi tam qurulmayıb. Rayon mərkəzinə yaxın kəndlər rayon kommunal təsərrüfatı idarəsinin daşınma xidmətindən istifadə etməklə problem həll etsələr də, nisbətən uzaq kəndlərdə vəziyyət acınacaqlıdır. Tullantıların daşınması bələdiyyələrin öhdəsinə qalıb, ancaq bu qurumların maliyyə imkanları məhdud olduğundan daşınmanı normal həyata keçirə bilmirlər.

Bəs kənd yerlərində tullantılat daşınması xidmətlərinin pullu olması problemi aradan qaldıra bilərmi? Məlumat üçün bildirək ki, şəhər yerlərində məişət tullantılarının daşınması xidməti pulludur və Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarı ilə tənzmlənir. Qərara əsasən, bərk məişət tullantılarının yığılması və daşınması tarifi əhali qrupu üzrə 1 nəfər üçün 30 qəpik müəyyən edilib. Bu o deməkdir ki, Azərbaycanın dörd nəfərdən ibarət ailəsi hər ay bu xidmətlər üçün 1,2 manat vəsait ödəyir. Qeyri-əhali qrupu üçün tullantıların hər kubmetri 10 manat, hər tonu 45,5 manat müəyyənləşdirilib. Şəhər və rayon mərkəzlərində tullantıların daşınması İcra hakimiyyəti orqanı tərəfindən icra olunur. Ancaq kənd yerlərində rayon icra hakimiyyəti orqanları xidmət göstərmir, daşınma məsuliyyəti bələdiyyələrin üzərindədir.

İTYİB-in ekspertləri kənd yerlərində daşınma xidmətlərinin pullu olmasının mümkünlüyünü nəzərdən keçiriblər. Çünki pullu xidmət əksər xarici ölkələrdə də tətbiq edilir. Bunun üçün araşdırmaçılar kənd yerlərində tullantıların daşınmasın xidmətlərinin pullu olması ideyasına münasibəti öyrənmək üçün ekologiya, xüsusən də məişət tullantılarının idarəedilməsi sahəsində ixtisaslaşmış ekspertlər arasında müsahibə aparıblar.

Müsahibəyə paytaxtla yanaşı ölkənin müxtəlif regionlarını (Gəncə, Mingəçevir, Bərdə, Yevlax) təmsil edən ekspertər cəlb edilib. Ekspertlərə verilən sual kənd yerlərində məişət tullantılarının daşınmasının pullu xidmətə keçirilməsinin məqsədəuyğunluğu və bu mexanizmin problemin həllinə yardım edə bilməsi mümkünlüyü barədə olub.  

Ekspertlərin məişət tullantılarının daşınmasının pullu xidmətə keçirilməsi ilə bağlı fikirləri birmənalı olmayıb. Bəziləri bunu məqbul, digərləri qeyri-məqbul, üçüncülər isə bu işdə tələsməməyi məsləhət görüblər.

16 ekspertin 6-sı pullu xidmətin mümkünlüyünü bildiriblər. Bölgələrdə pullu xidmətlərin olmadığını, ancaq onun tətbiqinin vacibliyini önə çəkən “Green World” İctimai Birliyinin sədri Elman Cəfərli hesab edir ki, belə mexanzimin tətbiqi məişət tullantılarının vaxtında daşınacağına, qəsəbə və kəndlərin təmiz qalacağına gətirib çıxaracaq. Ekspert qeyd edib ki, ödənişli daşıma xidmətləri, məişət tullantılarının təkrar emal müəssisələri olarsa, bölgələrdə böyük zibilxanalar da yaranmaz. Azərbaycan Milli Elmlər  Akademiyasının Radiasiya Problemləri İnstitutunun mütəxəssisi İslam Mustafayev inkişaf etmiş ölkələrdə prosesə özəl sektorun cəlb edildiyini və buna görə xidmətin pullu olduğunu xatırladaraq Azərbaycan kəndlərində də pullu xidmətin olmasını dəstəkləyib. Ətraf mühit məsələlələri üzrə ekspert Rövşən Abbasov başqa çıxış yolunu görmədiyini əsas gətirərək pullu xidmətin ən uğurlu mexanizm olduğunu bildirib. Ekologiya üzrə müstəqil ekspert Namiq Rzayev pullu xidmətə keçidi müsbət addım kimi qiymətləndirsə də əhalini sosial vəziyyətinə mənfi təsir edəcəyini, bunun sosial gərginlik yaradacağını deyib. Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev bildirib ki, yaxşı olar ki bələdiyyə əhali ilə müqavilə bağlayaraq daşınma xidmətləri üçün əhalidən müəyyən məbləğdə, məsələn, 1-2 manat həcmində vəsait yığsın.

Eko-Aləm İctimai Birliyinin sədri, ekologiya üzrə müstəqil eksperti Sevil Yüzbaşova hesab edir ki, tullantıların daşınmasının pullu xidmətə keçilməsi problemi kökündən həll edəcəksə bu ideyanın əleyhinə deyil. Ekspertin sözlərinə görə, beynəlxalq səviyyədə tullantılarla mübarizə aparmağın yeni üsulu, onların “minimum həddə endirilməsi” üsulu meydana çıxıb. İnkişaf etmiş ölkələrdə və ABŞ-da tullantıları azaltmaq üçün ümummilli proqramlar həyata keçirilir. Bu proqramlar: Tələbatı azalt; Yenidən İstifadə et; Emal et – prinsipinə əsaslanır. Bu proqramla hökumətlər əhalini, həm iqtisadi səmərəliliyə, həm də məişət tullantılarının miqdarını azaltmağa çalışır. Bir çox inkişaf etmiş ölkələrdə tullantıların emalı artıq ciddi, gəlirli biznes sahəsinə çevrilib ki, bunu da bələdiyyələr həyata keçirə bilərlər.

Digər qrup isə bu ideyanı mümkün saysa da onun reallıqda uğur qazanacağına şübhə ilə yanaşıblar və prosesi tələsdirməməyi məsləhət görüblər. EkoTes təşkilatının rəhbəri Çingiz Nəzərovun fikrincə, böyük şəhərlərdə bu mexanizm özünü doğrultsa da kəndlər real görünmür. Onun fikrincə, sistemi elə qurmaq lazımdır ki, tullantıları sən daşımayasan, kimsə gəlib emal məqsədilə onu pulla alsın. Kocks Ingenieure təşkilatının baş ekoloqu Elçin Sultanov hesab edir ki, pullu xidmətə keçid problemi həll edə bilməyəcək. Çünki daşınması üçün gecə əhali tərəfindən küçəyə qoyulan məişət tullantıları sahibsiz itlər və ya pişiklər tərəfindən dağıdılır, gündüz isə ev sahibi işdə olduğundan daşınma zamanı evdə olmur. Ola bilsin Avropa ölkələrində sahibsiz heyvanlar olmadığından onlarda bu səmərə verir, bizdə fərqli situasiyadır, məsələyə daha ciddi yanaşmaq lazımdır. Ona görə də prosesə yerli icma və bələdiyyələr cəlb edilməlidir. Dünya Bankının məişət tullantıların idarə edilməsi layihəsinin eksperti Hacı Hüseynov mexanizmi düzgün addım saysa da tələsməməyi məsləhət görür və hesab edir ki, özəl şirkətlər ancaq böyük investisiya yatırılan sahələrə cəlb edilməlidir. Ekoloq Samir İsayev hesab edir ki, ilkin dövrdə dövlət xərcləri üzərinə götürməlidir, sonrakı dövrlərdə xidmətin pullu edilməsi məsələsinə qayıtmaq olar. Onun fikrincə, bələdiyyələr tərəfindən məişət tullantılarının daşınmasının dövlət tərəfindən maliyyələşməsi həyata keçirilməlidir və bu, müəyyən keçid dövrü əhatə etməlidir. Çünki əhali tullantıların daşınması üçün vəsait verməyəcək və ya tullantıları daşımaqda maraqlı olmayacaqlar. Paralel olaraq 3-5 il ərzində maarifləndirilmə aparılmalıdır. Ondan sonra xidmətin pullu edilməsi məsələsini gündəmə gətirmək olar. Bələdiyyə üzrə ekspert Rasim Zeynalov da pullu xidmətə birdən-birə keçidin kənd şəraitində effekt verməsinə inanmır. O bunu kənd sakinlərinin gəlirinin az olması ilə əlaqələndirib. Ekspert hesab edir ki, əhalinin maliyyə imkanları nəzərə alınaraq mərhələlərlə keçmək olar. Buna qədər isə bu işin həvalə olunacağı qurum, onun səlahiyyət və məsuliyyətləri qanunla tənzimlənməlidir.

Ancaq pullu xidmətin əleyhinə olan ekspertlər də Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramova görə, emal müəssisələri tərəfindən müxtəlif materiallara və plastik qabalara görə pul ödənilsə, əhali könüllü olaraq bu işə girişəcək. Eyni mexanizmi Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da bölüşür. Ancaq T.Zeynalov məsuliyyəti istehsalçı şirkətlərin üzərinə qoyur. Onun fikrincə, istehsalçı şirkət öz məhsullarının taralarını (şüşə, plastik butılkalar və s.) əhalidən pulla geri almalıdır və bununla əhalinin özü onlarla əməkdaşlıqda maraqlı olacaq. Ətraf mühit siyasəti üzrə ekspert Cavid Qaranın yanaşmasına görə, hər bir ölkə üzrə ayrıca yanaşma olmalıdır. “Azərbaycanda mən inanmıram ki, zibilin daşınmasıyla bağlı pullu xidmətə keçilməsi kənd şəraitində hansısa effekt versin. İnkişaf etmiş ölkələrdə tullantıların toplanması üçün vətəndaş pul ödəyir. Məsələn, İngiltərədə “council tax” ödəyirlər, bura məişət tullantılarının toplanması da daxildi. İsveçrədə tullantının hər torbasına görə əlavə pul ödəyirsən. Ödənişli sistemlə Azərbaycanda nəyinsə dəyişəcəyi mümkün deyil. Kənd şəraitində zibilin toplanması xərci daha çoxdu, kənd sakinlərinin gəliri də daha azdı və orda zibilin toplanmasının pullu olması məqbul deyil”, – deyə bildirib.

Gəncə təmsilçisi olan ekoloq Aslan Vəliyev əhalinin maarifləndirilməsini vacibliyini vurğulayaraq pullu xidmətin əhalinin sosial vəziyyətinə mənfi təsir edəcəyi qənaətindədir. Bərdə rayonunda “Ekoloji informasiya” İctimai Birliyinin sədri Musa Muradlı kənd yerlərində məişət tullantılarının daşınması üçün pullu xidmətlərin tətbiqinin problemi həlli edə bilməyəcəyi qənaətindədir. Onun fikrincə, bələdiyyələr bu xidməti ödənişli etsələr ərazidəki sakinlərin borcları bir az da artmış olacaq. Ekspert fikrini gücləndirmək üçün kənd yerlərində torpaq və əmlak vergilərinin yığım vəziyyətini misal göstərib. Ekspert çıxış yolunu bələdiyyələrə subsidiyaların ayrılmasında və tullantıların idarə edilməsi işində yerli qurumlara nəzarət gücləndirilməsində görür.

Azpost.info

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumu qaldırıldı

Sonrakı məqalə

Dünyanın ən qədim mirvarisi tapılıb