Kaylinin vəkili korrupsiya ittihamlarını yalanladı:"Avropa Parlamentinin göstərişlərinə əməl edib"

“Eva Kayli Qətərə münasibətdə Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən ona həvalə edilmiş, həmçinin Avropa İttifaqının irəli sürdüyü rəsmi siyasəti həyata keçirib”.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin korrupsiyada şübhəli bilinən sədr müavini Eva Kaylinin vəkili Mixalis Dimitrakopulosun yazılı açıqlamasında bildirilir.

Vəkil bildirib ki, böyük bir korrupsiya işi üzrə istintaqa cəlb olunan Kayli Qətərə qarşı atdığı hər addımda Avropa Parlamentinin yüksək rəhbərliyinin göstərişlərinə əməl edib.

“Eva Kaylinin Qətərlə münasibətləri və tərəfdaşlıqları inkişaf etdirmək təşəbbüsləri ilə bağlı yayılan və son məqsədin onu satın almaq olduğu iddia edilən yalan xəbərlərə gəlincə, biz aşağıdakı məlumatları təqdim edirik: Eva Kayli Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən ona tapşırılan gündəliyi irəli sürmək üçün parlamentinin sədr müavini kimi, öz vəzifələri çərçivəsində Qətərdə olub. Gündəliyə Aİ-Yaxın Şərq münasibətlərinin inkişafı, o cümlədən Qətər, Küveyt, Oman vətəndaşlarının vizadan azad edilməsi imkanları daxil idi”, – vəkil qeyd edib.

Onun sözlərinə görə, təklifin rəsmi təşəbbüskarı Avropa Parlamentinin Almaniyadan olan üzvü və LIBE komitəsinin rəhbəri Erik Markvard olub: “Bu xüsusi gündəlik 2019-cu ildən bəri Avropa Komissiyasının rəsmi siyasətinin və təşəbbüsünün bir hissəsidir ki, onun təşviqini Avropa Parlamentinin LIBE Komitəsinə həvalə etsin. Avropa Komissiyasından Avropa Parlamentinə gələn bu prosedurların təşəbbüskarları Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohansson və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel olub”.

“Təkzibedilməz dəlillər var ki, Eva Kaylinin Qətərlə bağlı hər addımı, əlaqəsi və bəyanatında Avropa İttifaqının ən yüksək səviyyədə hazırlanmış rəsmi siyasətini həyata keçirib və bunu həmişə məsləhətləşmələrdən və icazədən sonra edib. Eva Kaylini Qətərə səfərində həmişə Avropa rəsmisi Roberto Bendini müşayiət edirdi”, – vəkil vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.