Kreditin sığorta olunması banka, yoxsa müştəriyə sərf edir? –EKSPERT ŞƏRHLƏRİ

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nı dəyişən Mərkəzi Bank fiziki şəxslərə kredit ayrılmasına dair yeni qərar verib. Dəyişikliyə görə, kredit müqaviləsi bağlanmazdan öncə müştəriyə həmin kredit üçün sığorta müqaviləsi bağlamaq təklif ediləcək. Sığortaya ölüm, əmək qabiliyyətinin itirilməsi, bir sıra xəstəlik və başqa hallar aiddir. Bu hallarda krediti sığorta şirkəti ödəyəcək.

Sığorta haqqı kreditin minimum 0.1 faizi həcmində hesablanacaq.

Azpost.info bildirir ki, dəyişiklik ekspertlərin fikrini haçalandırıb. Bəzi ekspertlər yeni qərarın kredit faizlərini aşağı salacağını düşünür. Digərlərinin fikrincə, müştərilərin belinə əlavə yük düşəcək, axı əlavə sənədlər tələb ediləcək, bank faizlərinə sığorta haqqı da əlavə olunacaq və nəticədə ödənişlər artacaq.

Bu ilin birinci rübündə istehlak kreditlərinin həcmi 2.95 faiz artaraq 7 milyard 142 milyon manata çatıb. Mərkəzi Bankın (AMB) məlumatına görə, 2024-cü il 1 aprel tarixinə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi – kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 11 faiz və digər istehlak kreditləri üzrə 18 faiz olub.

Problemli kredit həcminin də azaldığı bildirilir. Bu ilin mayın 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 1.8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 21.9 faiz azalaraq 462.2 milyon manat olub.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Turan”a bildirib ki, Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır və bu, kredit risklərini minimallaşdıracaq: “Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditləri verilərkən həm də bankın borcalana sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Sığorta müqaviləsinin olmaması üzündən müştəri dünyasını dəyişən zaman krediti onun vərəsəsi – ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdı. Bu da əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükünə çevrildiyindən sosial baxımdan arzulanan deyildi”.

Deputatın fikrincə, yeni qaydalar əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq: “Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulma faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub”.

V.Bayramovun sözlərinə görə, ən mühüm məqamlardan biri də risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür: “Risklərin sığortalanması istehlak kreditləri üzrə faizləri azalda bilər”.

 

Bank məsələləri eksperti Əkrəm Həsənov isə AzadlıqRadiosuna bildirib ki, bu qərar banklara və kredit faizlərinə heç təsir etməyəcək: “Bank krediti verir, pulunu qazanır və kreditin sığortası faizlərə təsir göstərmir. Amma sığortanın olması bankın özü üçün yaxşıdır, çünki sabah vətəndaş ölübsə, əmək qabiliyyətini itiribsə, bank ölənin yaxınların arxasınca düşməyəcək və bu kredit ödənişini dərhal sığorta şirkətindən alacaq”.

Ekspertin fikrincə, bu qərar sığorta təşkilatları üçün də yaxşıdır, axı bu, əlavə biznesdir: “Ona görə də düşünürəm ki, onlar bunu tətbiq edəcəklər”.

Vətəndaşlara gəlincə, Ə.Həsənov kredit götürən vətəndaşların xərclərinin artacağını bildirir: “İndiyədək vətəndaş yalnız kredit faizlərini və komisyon haqqını ödəyirdi, amma indi, üstəlik, sığorta haqqını da ödəməli olacaq”.

Ekspert hazırda problemli kreditlərin çox olduğunu da vurğulayıb: “Düzdür, 2015-ci ilin devalvasiya dövründəki kimi deyil, amma hazırda da problemli kreditlər çoxdur. Bunun əsas səbəbi insanların əmək haqlarının az olması, xərclərinsə artmasıdır. Üstəlik, insanlar da bəzən öz xərclərini düzgün ölçüb-biçmədiyindən krediti gerçək zərurət olmadan götürürlər. Bu baxımından, banklar daha ehtiyatlı olub, əvvəlki kimi aqressiv kredit siyasəti aparmır, kiməgəldi kredit vermir”.

Ə.Həsənov kredit faizlərinin də problemli kreditlərin yaranmasında böyük rol oynadığını düşünür, amma dərhal əlavə edir: “Bu, bank sisteminin problemi deyil. Bu, ölkədə kredit riskinin, qanunçuluğun olmamasının, süründürməçiliyin problemidir. Kreditin qaytarılmaması bankın xərclərini artırdığından banklar o riski nəzərə alıb həmin potensial xərcləri kredit faizlərinə daxil edir. Beləcə, faizlər də yüksəlir”.

Əvvəlki məqalə

Çin prezident Zelenskinin ittihamına cavab verib

Sonrakı məqalə

“İsrail Qəzzanı idarə etmək üçün HƏMAS-a alternativ hazırlayır”