“Laçın yolundan təbii sərvətlərin Ermənistana daşınması Üçtərəfli bəyanatın kobud pozuntusudur”- XİN

“Etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yarandığı iddiaları eyni dərəcədə əsassızdır”.

Bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2023-cü il tarixli bəyanatına dair şərhində əksini tapıb.

Qeyd edilib ki, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələrinin, tibbi avtomobillərin yoldan maneəsiz keçidi danılmaz bir faktdır. Həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacların operativ şəkildə həll etməyə hazırlıq, həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bəyan olunub: “Azərbaycan tərəfinin yolun açıq olduğu və Üçtərəfli bəyanatla təyinatı üzrə istifadə edilə biləcəyi barədə erməni sakinlərə çağırışlarına baxmayaraq, özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların əhalini yoldan istifadədən çəkindirməsi faktları bir daha sübut edir ki, məhz belə şəxslər etirazlar barədə yalnış təəssürat yaratmaqla öz qeyri-qanuni və çirkin əməllərini davam etdirmək məqsədi güdürlər”.

Üçtərəfli bəyanatın pozulması barədə iddialara gəldikdə, Azərbaycan XİN xatırladıb ki, Ermənistan liderinin də imza atdığı Üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və s. bu kimi qeyri-qanuni fəaliyyətlər üçün nəzərdə tutulmadığı və bütün bu hərəkətlərin Üçtərəfli bəyanatın kobud pozuntusu olduğu Ermənistan tərəfinə yaxşı məlumdur.

Əvvəlki məqalə

Yaponiya G7 sammitində Rusiyaya qarşı sanksiyalara çağıracaq

Sonrakı məqalə

“Ermənistanın çağırışları Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatdır”